
Endi Börnhem bu həftə baş nazir kimi ilk böyük müsahibəsində Laura Kuenssberqə eksklüziv olaraq danışıb
Endi Börnhem baş nazir kimi ilk böyük müsahibəsində ABŞ Prezidenti Donald Trampla münasibətlərə toxunaraq, Böyük Britaniyanın milli maraqlarını hər zaman prioritet hesab edəcəyini bildirib. O, Trampla yaxşı ünsiyyət qurduğunu və aralarında səmimi münasibətin olduğunu qeyd edib.
24media.az xəbər verir ki, BBC News-a verdiyi eksklüziv müsahibədə Börnhem bildirib ki, lazım gəldikdə Donald Trampla fərqli mövqe nümayiş etdirməkdən çəkinməyəcək. Onun sözlərinə görə, baş nazir kimi əsas vəzifəsi ölkəsinin maraqlarını qorumaqdır. O, həmçinin ictimaiyyətə yaxın olmağın onun ən böyük üstünlüklərindən biri olduğunu və bu yanaşmanın yeni vəzifəsində də dəyişməyəcəyini vurğulayıb.
Donald Trampı zərurət yarandıqda tənqid edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Börnhem buna müsbət cavab verib. O bildirib ki, siyasətdə əsas prinsip ölkənin milli maraqlarını müdafiə etməkdir. Baş nazir eyni zamanda İranla bağlı mümkün münaqişə ilə əlaqədar narahatlığını ifadə edib və doğru hesab etdiyi mövqeyi açıq şəkildə dilə gətirməkdən çəkinməyəcəyini söyləyib.
Müsahibədə müdafiə xərcləri məsələsinə də toxunan Börnhem hökumətin ÜDM-in 3 faizinin müdafiəyə ayrılması ilə bağlı konkret tarix öhdəliyi götürməyəcəyini bildirib. Onun sözlərinə görə, hazırda əsas məqsəd mövcud müdafiə investisiya planının tam maliyyələşdirilməsini təmin etməkdir və bu məsələ ilin sonunadək hazırlanacaq büdcə çərçivəsində həll olunmalıdır.
Baş nazir həmçinin 2029-cu ildən əvvəl növbədənkənar ümumi seçkilərin keçirilməsi ehtimalını istisna edib. O vurğulayıb ki, hökumətin diqqəti erkən seçkilərə deyil, ölkənin mövcud vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
Banuçiçək Qurbanova
