Bu gün:

Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi işə başlayıb


İyulun 23-də Şuşa şəhərində IV Beynəlxalq Elmi Araşdırmalar Konqresinin açılış mərasimi keçirilib. 23–25 iyul tarixlərini əhatə edən tədbir İqtisadi Elmi Tədqiqat İnstitutu, Mingəçevir Dövlət Universiteti (MDU), Naxçıvan Dövlət Universiteti, İ.Razzakov adına Qırğızıstan Dövlət Texniki Universiteti, UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu və İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə hibrid formatda təşkil olunub.  

24media.az xəbər verir ki, beynəlxalq konfransda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Polşa, İtaliya, Latviya, İran, Səudiyyə Ərəbistanı, Kosovo, Nigeriya, Rusiya, ABŞ, Albaniya və Çindən olan tədqiqatçılar iştirak edirlər.

Tədbirin açılışında İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov, MDU rektoru Anar Eminov, Qırğızıstan Dövlət Texniki Universitetinin nümayəndəsi Çinarə Asanbekova və İKSAD-ın Azərbaycan üzrə baş direktoru Əlvan Cəfərov çıxış edərək konqresin akademik əlaqələrin genişlənməsində, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və süni intellekt kimi aktual istiqamətlərdə yeni elmi yanaşmaların ortaya qoyulmasında mühüm rolunu vurğulayıblar. Həmçinin İKSAD İnstitutunun baş direktoru Mustafa Latif Ekmek tədbir iştirakçılarına videomüraciət ünvanlayıb.  

Açılış nitqlərindən sonra professor Arzu Hüseynova və professor Şəfa Əliyev plenar məruzələrlə çıxış ediblər. Konfrans öz işini iqtisadiyyat, təhsil, IT, süni intellekt, ekologiya, tarix, dilçilik və sosial elmlər üzrə bölmə iclasları ilə iyulun 25-dək davam etdirəcək.


Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et