Hər il iyulun 20-də Beynəlxalq Ay Günü qeyd olunur.
24media.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu gün 2021-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi ilə təsis edilib və digər kosmik əlamətdar günlərə əlavə olunub.
Bu tarix 1969-cu ildə "Apollon-11" Ay missiyası çərçivəsində insanın Aya ilk enişinin ildönümü şərəfinə seçilib. Günün təsis edilməsində məqsəd Ayın dayanıqlı şəkildə tədqiqi, kosmosun mənimsənilməsi və kosmik fəzanın dinc məqsədlərlə istifadəsi sahəsində beynəlxalq əməkdaşlığın təşviq olunmasıdır. Həmçinin bu tarixi hadisənin baş verməsini mümkün edən alimlərin, mühəndislərin, astronavtların və digər mütəxəssislərin töhfəsini xatırlatmaqdır.
Ay Gününün keçirilməsi təşəbbüsü ABŞ-dən irəli gəlib. Bu mövzuya həsr olunmuş ilk tədbirlər 1971-ci ildə, ABŞ Prezidenti Riçard Niksonun 20 iyulu tarixi kosmik missiyanın ildönümü münasibətilə Milli Aya Eniş Günü elan etməsindən sonra keçirilib. Sonrakı illərdə isə bu tarix əsasən astronomiya və kosmos həvəskarları tərəfindən qeyd olunurdu.
2021-ci ilin avqust–sentyabr aylarında keçirilən BMT-nin Kosmik Fəzadan Dinc Məqsədlərlə İstifadə Komitəsinin 64-cü sessiyası zamanı təşəbbüs qrupunun üzvləri Beynəlxalq Ay Gününün təsis edilməsi ilə bağlı müraciət təqdim ediblər. Nəticədə BMT Baş Assambleyası bu təşəbbüsü dəstəkləyib və 20 iyul rəsmi olaraq Beynəlxalq Ay Günü elan olunub.
Ay Yerin yeganə təbii peykidir və Günəşdən sonra Yer səmasında ən parlaq ikinci səma cismidir. Yer və Ayın mərkəzləri arasındakı orta məsafə 384 467 kilometrdir. Ən geniş yayılmış nəzəriyyəyə görə, Ay Yerdən bir qədər sonra – təxminən 4,5 milyard il əvvəl Yer ilə ölçüsünə görə Marsa bənzəyən Teya planetinin toqquşması nəticəsində qalan qırıntılardan formalaşıb. Hazırda Ay insanın ayaq basdığı yeganə Yerxarici astronomik obyektdir.
Hazırladı: Nuray Mürsəlova
