Cənubi Afrikada miqrant əleyhinə etiraz aksiyaları ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət aksiyaların zorakılığa çevrilməsi ehtimalına qarşı ölkənin müxtəlif bölgələrinə əlavə polis qüvvələri cəlb edib.

Etiraz aksiyaları sənədsiz miqrantların ölkəni tərk etməsi üçün kampaniyaçılar tərəfindən müəyyən edilib. Polis indiyədək 25 min nəfərin öz ölkələrinə qaytarıldığını bildirib. Onların əksəriyyəti digər Afrika ölkələrinin vətəndaşlarıdır.
Cənubi Afrika Prezidenti Siril Ramafosa etirazçıları zorakılıq və hədələrdən çəkinməyə çağırıb. O bildirib ki, ölkədə qanuni əsaslarla yaşayan xarici vətəndaşların hüquqları Konstitusiya ilə qorunur və dinc etiraz hüququ başqalarını hədələməyə əsas vermir.
Etirazların keçiriləcəyi Yohannesburq və Durban şəhərlərində təhlükəsizlik tədbirləri artırılıb. Miqrantların bir qismi təhlükəsizlik səbəbindən müvəqqəti düşərgələrdə saxlanılır, minlərlə nəfər isə avtobus və təyyarələrlə Malavi, Mozambik, Zimbabve və digər Afrika ölkələrinə geri göndərilir.
Cənubi Afrikada miqrantlara qarşı ksenofob münasibət uzun illərdir davam edir. Rəsmi məlumatlara görə, ilin əvvəlindən bəri 12 mindən çox miqrant deportasiya və ya repatriasiya edilib, 2008-ci ildə isə ksenofob zorakılıq dalğası nəticəsində 60-dan çox insan həyatını itirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
