Bu gün:

Dettol Çində qalmaqallı reklamına görə üzr istəyib


Britaniyanın tanınmış gigiyena məhsulları markası "Dettol" tərəfindən Çində yayımlanan reklam çarxına görə üzr istənilib. Şirkətdən bildirilib ki, reklam gender stereotiplərini tənqid etmək məqsədi daşısa da, izləyicilər tərəfindən fərqli qəbul edilib və geniş narazılığa səbəb olub.

Reklam geniş ictimai qınaqla qarşılanıb,BBC 

Təxminən beş dəqiqə davam edən və qısametrajlı serial formatında hazırlanan reklamda bir kişi özünə həyat yoldaşı axtararkən qadının “təmiz” və “başqa kişilər tərəfindən ləkələnməmiş” olmasını istədiyini bildirir. Süjetin sonunda isə hadisələrin istiqaməti dəyişir. Kişinin sevgilisi onun qadınlara qarşı ayrı-seçkilik xarakterli fikirlərini sərt şəkildə tənqid edir və münasibətlərinə son qoyur.

Reklamın yekun hissəsində “zəhərli kişilər bakteriyalara bənzəyir” mesajı verilir və "Dettol"un çoxməqsədli dezinfeksiyaedici məhsulu bu problemin rəmzi həlli kimi təqdim olunur.

Lakin reklam yayımlandıqdan sonra Çin sosial media platformalarında ciddi tənqidlərə məruz qalıb. İstifadəçilərin bir qismi reklamın qadınları obyektləşdirdiyini, digərləri isə şirkətin marketinq strategiyasını uğursuz adlandırıb. Bəzi sosial şəbəkə istifadəçiləri hətta məhsulların boykot edilməsinə çağırış ediblər.

Artan reaksiyalardan sonra "Dettol" reklam çarxını bütün rəqəmsal platformalardan silib. Şirkətin yaydığı rəsmi açıqlamada qeyd olunub ki, reklamın əsas məqsədi cəmiyyətdə mövcud olan gender stereotiplərini tənqid etmək olub. Lakin internetdə geniş yayılan qısa video parçalarının reklamın əsas ideyasını tam əks etdirmədiyi bildirilib.

“Bu reklamın bir çox insanı, xüsusilə də qadınları narahat etdiyini anlayırıq. Reklamın hazırlanması və təsdiqlənməsi prosesində yol verilən nöqsanlara görə məsuliyyəti üzərimizə götürürük”, – deyə şirkətin açıqlamasında bildirilib.

Dettol həmçinin gələcəkdə oxşar halların təkrarlanmaması üçün məzmunun hazırlanması və yoxlanılması mexanizmlərini yenidən nəzərdən keçirəcəyini açıqlayıb.

Şirkət vurğulayıb ki, Dettol-un əsas missiyası insanların və ailələrin sağlamlığını qorumaqdır. Bununla yanaşı, açıqlamada qeyd olunub ki, insan ləyaqətinin qorunması və hər kəsə bərabər münasibət göstərilməsi də bu missiyanın ayrılmaz hissəsidir.

Reklam son günlər Çin ictimaiyyətində geniş rezonans doğurub. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti insanların “saflığı” anlayışının dezinfeksiyaedici məhsulun təmizlik xüsusiyyətləri ilə əlaqələndirilməsini qəbuledilməz hesab edib.

Çinin ən böyük sosial media platformalarından biri olan "Weibo"da istifadəçilər reklamı “uğursuz”, “təhqiredici” və “məntiqsiz” adlandırıblar. Bəzi şərhlərdə şirkət rəhbərliyinin belə bir reklam kampaniyasına necə razılıq verməsi sual altına alınıb.

Çin üzrə rəqəmsal media və sosial prosesləri izləyən “Eye on Digital China” platformasının təsisçisi Manya Koetse bildirib ki, təmizlik və gigiyena üzərində qurulmuş bir marka üçün bu kampaniya ciddi kommunikasiya uğursuzluğu hesab oluna bilər. Onun sözlərinə görə, reklamın məqsədi kişi obrazını mənfi təqdim etmək olsa da, mesaj auditoriyaya düzgün çatdırılmayıb və nəticədə əks-effekt yaradıb.

Qeyd edək ki, bu, "Dettol"un Çində qarşılaşdığı ilk reklam qalmaqalı deyil. Şirkət ötən il yayımladığı başqa bir reklam çarxına görə də tənqid olunmuşdu.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et