Bu gün:

Avropada istilər səbəbindən Fransada suda boğulma hallarının kəskin artması qeydə alınıb


Son bir neçə gündə Fransada hava şəraiti ilə bağlı 40 nəfər suda boğularaq həyatını itirib. Baş nazir Sebastyan Lökornu temperaturun bir çox böyük şəhərlərdə rekord həddə çatdığını və təhlükənin hələ də davam etdiyini bəyan edib. İdman və Gənclər Nazirliyi isə əhalini xüsusilə nəzarətsiz su hövzələrində və çaylarda çimməyin risklərini düzgün qiymətləndirməyə çağırıb. 


Fransa ilə yanaşı İspaniya və İtaliya da bu istilik dalğasından ən çox zərər çəkən ölkələr sırasına daxil olub. Fransada iyun ayının ən isti günü və gecəsi qeydə alındığı halda, qonşu İspaniyada havanın temperaturu bəzi bölgələrdə 40 dərəcəni keçib. İtaliyanın isə Roma, Milan və Florensiya daxil olmaqla 15 böyük şəhərində yüksək risk səviyyəli qırmızı xəbərdarlıq elan edilib.

İstinin gətirdiyi fəsadlar təkcə dəniz və çaylarda deyil, gündəlik həyatın digər sahələrində də özünü büruzə verib. Fransanın cənubunda iki uşağın avtomobildə bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi, eləcə də ölkənin cənub-qərbindəki "Golfech" atom elektrik stansiyasının çay suyunun həddindən artıq qızması səbəbindən fəaliyyətini dayandırdığı bildirilib. Həmçinin Paris bölgəsində relslərin yüksək temperatura dözməyəcəyi ehtimalı ilə əlaqədar əhaliyə evdən işləmək tövsiyə olunub.

Almaniyada da oxşar bədbəxt hadisələr qeydə alınıb və Reyn çayında bir neçə nəfərin cəsədi tapılıb. İtaliya hökuməti isə kənd təsərrüfatı və tikinti sektorunda çalışan işçiləri qorumaq məqsədilə günün ən isti saatlarında işi dayandıran şirkətlərə dövlət dəstəyi ayırıb. Sinoptiklər istilik dalğasının həftənin sonuna doğru Niderland və Belçikaya tərəf hərəkət edəcəyini proqnozlaşdırıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et