Bu gün:

Aİ süni intellektin risklərinə qarşı mübarizəyə hazır olduğunu bildirir


Avropa İttifaqının (Aİ) texnologiya məsələləri üzrə məsul nümayəndəsi Henna Virkkunen cümə günü Reuters agentliyinə bildirib ki, ittifaqın iki il əvvəl qəbul etdiyi süni intellektdən istifadə qaydaları nəzarətdən çıxa biləcək süni intellekt sistemlərinin yaratdığı risklərlə mübarizə aparmaq üçün kifayət qədər güclüdür.

24media.az Reuters-ə istinadən bildirir ki, “OpenAI” və “Anthropic” şirkətlərində baş vermiş son hadisələr dünyada narahatlığı artırıb. Bu hadisələr süni intellekt sistemlərinin insan nəzarətindən çıxa biləcəyi ilə bağlı qorxuları gücləndirib.

Süni intellektin istifadəsini risk səviyyəsinə uyğun tənzimləyən Aİ-nin Süni İntellekt Aktı bu sahədə dünyanın ən sərt qaydalarından biri hesab olunur. Virkkunen bildirib ki, bu qanun süni intellekt modellərinin bütün həyat dövrünü əhatə edir.

Onun sözlərinə görə, tənzimləyici qurumlar şirkətlərə süni intellekt modellərinin təhlükəsizliyini necə qiymətləndirmək barədə tövsiyələr verir. Bu prosesdə universitet və elmi müəssisələrdən olan 60 mütəxəssisin tövsiyələri də nəzərə alınacaq.

Virkkunen Aİ-nin süni intellekt qaydalarının artıq köhnəldiyi barədə şirkətlərin tənqidlərini də qəbul etməyib. O vurğulayıb ki, qaydalar hazırlanarkən texnologiyanın gələcək inkişafı, risklərin qiymətləndirilməsi və müstəqil ekspertlərin iştirakı nəzərə alınıb.

Avropa Komissiyası avqustun sonunda 30-dan çox süni intellekt şirkətindən təhlükəsizlik tədbirləri, şəffaflıq və müəllif hüquqları ilə bağlı məlumat tələb edib. Bu müraciətlər araşdırmalara səbəb ola bilər. Qayda pozuntuları müəyyən edilərsə, şirkətlər qlobal illik gəlirlərinin 7 faizinədək cərimə oluna bilərlər.

Virkkunnenin sözlərinə görə, Komissiya Çin mənşəli süni intellekt şirkətlərindən də məlumat tələb edib. O qeyd edib ki, hazırda bazarda ən güclü süni intellekt modellərinin bir qismi ABŞ və Çin şirkətlərinə məxsusdur.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et