Bu gün:

İstənilən dili sərbəst öyrənməyin yolları


Yeni dili sərbəst öyrənmək aşağıdakı tövsiyələrə əməl etməklə daha asan ola bilər.


24media.az edu-live.com-a istinadən xəbər verir ki, əksər insanlar dil öyrənərkən əsas məqsəd kimi həmin dildə sərbəst danışmağı məqsəd qoyurlar. Bu proses ilk mərhələdə çətin və qorxuducu görünə bilər, lakin müəyyən vərdişləri formalaşdırmaq və düzgün üsullardan istifadə etmək öyrənmə prosesini asanlaşdıra bilər.

Yeni dilin mühitinə daxil olun

Dil öyrənən insan gündəlik həyatında həmin dildən nə qədər çox istifadə edərsə, öyrənmə prosesi bir o qədər asanlaşa bilər. Bunun üçün mobil telefonun dilini öyrəndiyiniz dilə dəyişə, həmin dildə podkastlara qulaq asa və filmlərə baxa bilərsiniz. Dil mühitinə daxilolma metodu dil öyrənməyin ən effektiv üsullarından biri hesab olunur. Bu yanaşma həmçinin sözlərin müxtəlif kontekstlərdəki məna çalarlarını və danışıq dilinə xas ifadələri mənimsəməyə kömək edir.

Özünüzə ən uyğun dilöyrənmə platformasını seçin

Lingoda, Fluenz və iTalki kimi platformalar dil öyrənmə prosesini sürətləndirə bilər. Burada əsas məqam məqsədlərinizə uyğun vasitəni seçməkdir. Məsələn, videozəng vasitəsilə dərslər keçmək və sertifikatlı müəllimlərlə öyrənmək istəyirsinizsə, iTalki platformasından istifadə edə bilərsiniz.

Öyrənmə prosesini planlaşdırın

Dil öyrənmə prosesinin sistemli şəkildə təşkil edilməsi faydalı ola bilər. Məsələn, yerinə yetirməli olduğunuz tapşırıqları bölmək və dilin hər bir istiqamətinə müəyyən vaxt ayırmaq irəliləyişinizi izləməyə kömək edər. Bunun üçün gündəlik planınızı belə qura bilərsiniz: 15 dəqiqə sözlərin təkrarı, 30 dəqiqə dinləmə və oxu, 15 dəqiqə isə danışıq məşqləri.

Dil qanunauyğunluqlarını təhlil edin 

Hər bir dil onu digər dillərdən fərqləndirən özünəməxsus xüsusiyyətlərə və qanunauyğunluqlara malikdir. Buna görə də cümlə quruluşuna diqqət yetirmək, həmin dildə cümlələrin necə formalaşdığını və hansı modellər əsasında qurulduğunu öyrənmək vacibdir. Bu yanaşma sadəcə dərslikdəki tapşırıqları yerinə yetirməklə müqayisədə daha səmərəli ola bilər.

Yeni dili sərbəst öyrənmək tamamilə mümkündür. Bunun üçün əsas məsələ düzgün strategiya seçmək və öyrənmə prosesində ardıcıl olmaqdır.

Tərcümə etdi: Nərmin Məmmədzadə


 

Paylaş
Şərh əlavə et