Bu gün:

Avropa İttifaqı Çindən avtomobil idxalına limit qoyur


Avropa İttifaqı dekabr ayından Çindən idxal olunan hibrid avtomobillərin illik sayını 350 min ədədlə məhdudlaşdıracaq. Qərarın Çin avtomobillərinin Avropa bazarındakı payını yarıya endirəcəyi gözlənilir.

Avropa Komissiyası Çindən idxal olunan hibrid avtomobillərə illik kvota tətbiq ediləcəyini təsdiqləyib.

Son iki ildə bu avtomobillərin idxalı kəskin artıb. Proqnozlara görə, cari il ərzində Avropa bazarında Çindən gətirilən təxminən 800 min akkumulyatorlu və elektrik şəbəkəsindən doldurulan hibrid avtomobil satılacaq.

Dekabrda qüvvəyə minəcək məhdudiyyət ötən həftə Pekində əldə edilmiş və dörd ili əhatə edən mühüm razılaşmanın bir hissəsidir. Avropa İttifaqı hesab edir ki, kvota Çin avtomobillərinin bazar payını hazırkı 6 faizdən 3 faizə endirəcək.

İdxal məhdudiyyəti Ümumdünya Ticarət Təşkilatının qoruyucu tədbirlərlə bağlı qaydaları əsasında tətbiq ediləcək. Bu mexanizm antidempinq tədbirlərindən fərqli olaraq, uzunmüddətli araşdırmalar aparılmadan məhdudiyyətin daha sürətlə qüvvəyə minməsinə imkan verir.

Müəyyən edilmiş kvotadan artıq idxal olunan avtomobillərə əlavə gömrük rüsumları tətbiq edilməyəcək. Bununla belə, həmin avtomobillərin Avropa limanlarındakı gömrük məntəqələrindən keçirilməsinə icazə verilməyəcək.

Rəsmilərin bildirdiyinə görə, Çində istehsal edilərək Avropa İttifaqına gətirilən avtomobillər kvotaya daxil ediləcək. Lakin Macarıstanda, gələcəkdə isə İspaniyada istehsal olunan avtomobillərə bu məhdudiyyət şamil edilməyəcək. Eyni zamanda, Avropa şirkətlərinin Çində istehsal etdiyi avtomobillər də kvota çərçivəsində idxal olunacaq.

Razılaşmaya əsasən, Çin Avropa İttifaqından idxal edilən bəzi avtomobil hissələrinə tətbiq olunan gömrük rüsumlarını ləğv etməyə, ayaqqabı, zeytun yağı və dondurma məhsullarına tətbiq olunan rüsumları isə yarıya qədər azaltmağa razılıq verib.
Mənbə:The Guardian

Tərcümə etdi:Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et