“Virgin” şirkəti 2030-cu ildə Londondan Avropa qitəsinə sərnişin daşımalarına başlamağı planlaşdırıb. Şirkət yeni qatarların dizaynı və xidmət keyfiyyəti ilə rəqibi “Eurostar”ı geridə qoymağa çalışacaq.

“Virgin” şirkəti gələcəkdə istifadəyə verəcəyi La-Manş boğazından keçən qatarın maketini təqdim edib. Şirkət yeni layihə vasitəsilə sərnişinlərə fərqli səyahət təcrübəsi təqdim etməyi hədəfləyib.
Şirkət qatarların istehsalı üçün Fransanın “Alstom” şirkətinə 12 qatar sifariş edib. Yeni qatarların dizaynı və sərnişinlərə göstəriləcək xidmətlər baxımından “Eurostar”la rəqabət aparması nəzərdə tutulur.
“Virgin” şirkətinin Böyük Britaniyada dəmir yolu nəqliyyatını yeniləmək istiqamətində əvvəlki təşəbbüslərindən biri 2013-cü ildə şəhərlərarası qatarlarda danışan tualet oturacağının tətbiqi ilə yadda qalıb. Şirkət yeni qatarların hazırlanmasında aviasiya, kruiz və hotelçilik sahələrindəki təcrübəsindən yararlanacağını bildirib.
Layihənin təfərrüatları hələlik açıqlanmayıb. Bununla belə, şirkət “Virgin Atlantic” aviaşirkətinin hava limanlarında sərnişinlər üçün nəzərdə tutulan “Clubhouse” istirahət salonlarının təcrübəsindən istifadə etməyi planlaşdırır. Məqsəd yola düşməzdən əvvəl və səfər zamanı sərnişinlərin işləyə, dincələ və ünsiyyət qura biləcəyi rahat məkanlar yaratmaqdır.
Qatarlarda təqdim olunacaq yeməklərin “Virgin” şirkətinin kruiz gəmilərindəki menyulardan, interyer dizaynının isə “Virgin Hotels” hotelçilik brendindən ilhamlanacağı bildirilib.
“Virgin” şirkətinin Londonla Avropa qitəsi arasında yeni dəmir yolu xidmətlərinə 2030-cu ildə başlaması nəzərdə tutulur. Bu, La-Manş tunelinin açılışından sonra “Eurostar” üçün ilk ciddi rəqabət mərhələsi olacaq.
Mənbə:The Guardian
Tərcümə etdi:Fərid Tapdıqov
