Mingəçevir Dövlət Universitetində (MDU) yeni yaradılmış “The Journal of Scientific Vectors” beynəlxalq elmi jurnalının rəsmi internet saytının təqdimat mərasimi keçirilib. Universitetin akademik və inzibati heyət üzvlərinin iştirak etdiyi tədbirin əsas məqsədi elmi nəşr fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və elmi kommunikasiya imkanlarının rəqəmsal mühitdə gücləndirilməsidir.
24media.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova yeni platformanın əhəmiyyətini vurğulayıb.
Prorektor qeyd edib ki, iqtisadiyyat və enerji mühəndisliyi sahələrində nəzəri, empirik və tətbiqi tədqiqatların dərcinə yönələn bu beynəlxalq, resenziyalı akademik jurnal MDU-nun elmi potensialının qlobal müstəvidə tanıdılmasına mühüm töhfə verəcək.
Jurnal iqtisadi sistemlər, enerji istehsalı, infrastruktur mühəndisliyi, enerji səmərəliliyi və ənənəvi enerjidən bərpa olunan mənbələrə keçid kimi mövzularda elmi araşdırmalar üçün əsas akademik platforma rolunu oynayacaq.
Daha sonra MDU-nun Rəqəmsal transformasiya şöbəsinin baş mütəxəssisi Əziz Əmiraslanov rəsmi saytın funksional imkanları, strukturu, məqalə qəbulu və redaksiya proseslərinin idarə olunması barədə geniş təqdimatla çıxış edib.
Bildirilib ki, yeni platforma elmi məqalələrin qiymətləndirilməsi və nəşrə hazırlanması prosesinin daha şəffaf və operativ idarə edilməsinə, həmçinin beynəlxalq elmi bazalarda əlçatanlığın artırılmasına imkan verəcək.
Sonda iştirakçıların sualları cavablandırılıb, jurnalın beynəlxalq indeksləşmə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.





Həvva Cəbrayılova
