Bu gün:

ABŞ və İran İsveçrədə yekun sülh sazişi üzrə danışıqlara başlayıblar


ABŞ və İran rəsmiləri ötən həftə imzalanmış ilkin sülh razılaşmasından sonra İsveçrədə birbaşa danışıqlara başlayıblar. Tərəflər müharibəyə son qoyacaq yekun sazişin hazırlanması istiqamətində müzakirələr aparırlar.

ABŞ-nin vitse-prezidenti JD Vance bazar günü baş tutan danışıqlardan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərifi qarşılayır,BBC 

İsveçrənin Bürgenstok kurortunda keçirilən görüşlərdə əsas diqqət yekun sülh saziş şərtlərinin müəyyənləşdirilməsinə yönəlib. İlkin razılaşmaya əsasən, tərəflər 60 gün ərzində yekun sənəd üzərində razılığa gəlməyi, həmçinin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını öhdələrinə götürüblər. Razılaşma Hörmüz boğazının yenidən beynəlxalq gəmiçilik üçün açılmasını da nəzərdə tutur.

Bununla yanaşı, İsrail ilə İranın dəstəklədiyi Hizbullah hərəkatı arasında Livanda davam edən toqquşmalar vəziyyəti gərgin olaraq saxlayır. Tehran şənbə günü Hörmüz boğazının bağlandığını bəyan etsə də, beynəlxalq gəmi hərəkətini izləyən məlumatlar boğazdan keçidlərin davam etdiyini göstərir.

ABŞ-nin vitse-prezidenti JD Vance danışıqlarda İranın nüvə proqramı və Livandakı vəziyyətlə bağlı irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib. İran tərəfi isə qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulayıb.

Danışıqlarda Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munir də iştirak edir. Pakistan münaqişə dövründə vasitəçi rolunu oynayıb və ABŞ ilə İran arasında keçirilən əvvəlki danışıqlara da ev sahibliyi edib.

ABŞ və İran prezidentləri bu həftənin əvvəlində müharibənin dərhal dayandırılmasını nəzərdə tutan ilkin sazişi imzalayıblar. Sənəddə İranın yenidən qurulması məqsədilə 300 milyard ABŞ dolları həcmində proqramın həyata keçirilməsi, həmçinin ABŞ tərəfindən İrana qarşı tətbiq olunan bütün sanksiyaların ləğv edilməsi nəzərdə tutulur.

Bununla belə, ABŞ-nin münaqişənin əsas səbəblərindən biri kimi göstərdiyi İranın nüvə proqramı ilə bağlı yekun razılıq hələ əldə olunmayıb. Bu məsələnin 60 günlük danışıqlar prosesi çərçivəsində müzakirə ediləcəyi, zərurət yaranarsa, müddətin uzadıla biləcəyi bildirilib.

Eyni zamanda, İsrail və Hizbullah arasında əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, Livanda silahlı toqquşmalar davam edir. İsrail rəsmiləri Hizbullahla münaqişənin İranla aparılan müharibədən ayrı olduğunu bəyan edirlər.

Xatırladaq ki, İsrail ABŞ ilə birlikdə fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan qısa müddət sonra Hizbullah İranın ali rəhbərinin öldürülməsi ilə nəticələnən hücuma cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib. İsrail isə buna cavab olaraq Livan ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və ölkənin cənubunda müəyyən ərazilərə nəzarəti ələ keçirib.  

Mənbə: BBC 

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et