Fransada güclü isti hava şəraiti ilə əlaqədar həyatını itirən azyaşlı uşaqların sayı dördə çatıb. Sinoptiklər Avropanı bürüyən isti hava dalğasının şərqə doğru irəliləyəcəyini, təxminən 150 milyon insanın 35 dərəcə və daha yüksək temperaturun təsiri altında qalacağını proqnozlaşdırıblar.

Alimlər bildiriblər ki, hazırkı isti hava dalğası Avropada indiyədək müşahidə olunan ən güclü və genişmiqyaslı hadisədir. Onların sözlərinə görə, regionun 850 ən böyük şəhərinin təxminən yarısı görünməmiş istilik yükü ilə üzləşib. Mütəxəssislər ekstremal temperaturun qalıq yanacaqların yandırılması nəticəsində dərinləşən iqlim böhranı ilə bağlı olduğunu vurğulayıblar.
Marsel şəhərindəki xəstəxana cümə günü açıqlayıb ki, həftənin əvvəlində hipertermiya vəziyyətində avtomobildə tapılan 18 aylıq uşaq təcili yardım şöbəsində vəfat edib. “Le Figaro” qəzetinin məlumatına görə, polis ehtimal edir ki, həmin ərazidə çalışan ata övladını uşaq bağçasına aparmalı olduğu halda onu avtomobildə unudub.
Həftənin əvvəlində Paris ətrafındakı yaşayış məntəqələrinin birində üç yaşlı oğlan uşağı avtomobilə minərək içəridə qalıb. Uşaq kilidinin işə düşməsi səbəbindən o, avtomobildən çıxa bilməyib və ölü vəziyyətdə tapılıb.
Bundan başqa, iki və dörd yaşlı iki uşağın meyiti ailələrinə məxsus avtomobildə, yaşayış məhəlləsindəki avtodayanacaqda aşkarlanıb.
Fransada isti hava ilə əlaqələndirilən boğulma hadisələrinin sayı isə 55-i ötüb. Meteoroloqlar isti hava dalğasının yaxın günlərdə Avropanın şərqinə doğru hərəkət edəcəyini və milyonlarla insanın yüksək temperaturun təsiri altında qalacağını bildiriblər.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
