Bu gün:

ABŞ–İran danışıqlarının ilk mərhələsi başa çatıb: Tərəflər irəliləyiş əldə olunduğunu bildirirlər


ABŞ və İran arasında münaqişənin dayandırılması və yekun sülh sazişinin əldə olunması məqsədilə keçirilən danışıqların ilk mərhələsi başa çatıb. Vasitəçi qismində çıxış edən Qətər və Pakistan tərəflər arasında aparılan müzakirələrdə mühüm irəliləyiş əldə olunduğunu açıqlayıblar.

Qalibaf Trampın İrana qarşı təhdidlərini əsassız adlandırıb, BBC 

Qətər və Pakistanın bazar ertəsi yaydığı birgə bəyanatda bildirilib ki, yaradılmış Yüksək Səviyyəli Komitə 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına yönəlmiş yol xəritəsi üzərində razılığa gəlib.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi də danışıqların nəticələrini müsbət qiymətləndirərək Livandakı münaqişənin sona çatdırılması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, ötən həftə imzalanmış Anlaşma Memorandumu bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını, o cümlədən Livandakı gərginliyin azaldılmasını və Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutur.

Əraqçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, Pakistan və Qətərin vasitəçiliyi Livandakı münaqişənin dayandırılması istiqamətində mühüm nəticələr verib. O bildirib ki, neft və neft-kimya məhsullarının ixracına tətbiq olunan məhdudiyyətlər yumşaldılıb, bəzi dondurulmuş aktivlər sərbəst buraxılıb və İranın yenidən qurulması məqsədilə genişmiqyaslı inkişaf proqramına start verilib.

İran mediasının məlumatına görə, İsveçrənin Lütsern şəhərində keçirilən danışıqlarda iştirak edən İran nümayəndə heyəti ölkəyə qayıdıb. Bununla yanaşı, tərəflər arasında texniki müzakirələrin davam etdiriləcəyi bildirilib.

Birgə bəyanatda qeyd olunub ki, Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə tərəflər arasında birbaşa kommunikasiya xətti yaradılıb.

Bundan əlavə, ABŞ, İran və Livan arasında hərbi əməliyyatların dayandırılmasına xidmət edəcək xüsusi dekonfliktasiya mexanizminin yaradılması barədə razılıq əldə olunub. Həmin mexanizmin fəaliyyətinə Qətər və Pakistan vasitəçilik edəcək.

ABŞ Prezidenti Donald Tramp danışıqlar başlamazdan əvvəl İranın Livandakı müttəfiqlərinin fəaliyyətini dayandırmalı olduğunu bildirərək, əks halda yeni hərbi zərbələrin endirilə biləcəyi barədə xəbərdarlıq etmişdi.

İran tərəfi isə bu bəyanata sərt reaksiya verib. İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf bildirib ki, təhdidlərin real təsiri olsaydı, tərəflər bu gün danışıqlar masası arxasında əyləşməzdilər.

Məlumata görə, tərəflər arasında əsas müzakirə mövzularından biri İranın nüvə proqramıdır. Tehran nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini vurğulayır.

Xatırladaq ki, ilkin razılaşmaya əsasən, Hörmüz boğazının yenidən açılması, İrana qarşı tətbiq olunan bəzi sanksiyaların ləğv edilməsi və ölkənin yenidən qurulmasına yönəlmiş 300 milyard ABŞ dolları həcmində proqramın həyata keçirilməsi nəzərdə tutulur.

Mənbə: BBC 

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et