Bu gün:

İran ABŞ ilə əldə olunan razılaşmanın ölkəni daha da güclü etdiyinə inanır


İran rəhbərliyi hesab edir ki, ABŞ ilə əldə olunan yeni razılaşma ölkəyə yalnız atəşkəs deyil, həm də müharibədən zəifləmədən çıxdığını göstərmək imkanı verir.

Çərşənbə günü Hörmüz boğazında müşahidə olunan gəmiçilik fəaliyyəti, BBC 

Tehranın münaqişə dövründə əsas məqsədi ABŞ və İsraili hərbi baxımdan məğlub etmək deyil, İslam Respublikasının siyasi sistemini qorumaq, hakimiyyət institutlarının fəaliyyətini davam etdirmək və danışıqlar masasında mövqeyini itirməmək olub.

ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanan Anlaşma Memorandumu (MoU) İranın nüvə proqramı ilə bağlı 60 günlük danışıqlar prosesini nəzərdə tutur. Sənəddə həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılması, tərəflərin bir-birinin suverenliyinə hörmət göstərməsi, Hörmüz boğazının yenidən beynəlxalq gəmiçilik üçün açılması və İran gəmiçiliyinə tətbiq edilən ABŞ dəniz blokadasının aradan qaldırılması əksini tapıb.

Razılaşmaya əsasən, İranın üzərinə götürdüyü öhdəliklər mühüm olsa da, nisbətən məhduddur. Tehran Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyinə dəstək verməyi, nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha bəyan etməyi, həmçinin yüksək səviyyədə zənginləşdirilmiş uranın və zənginləşdirmə proqramının gələcəyi ilə bağlı danışıqlara başlamağı qəbul edib.

ABŞ-nin öhdəlikləri isə daha geniş xarakter daşıyır. Memoranduma görə, Vaşinqton İran ətrafında tətbiq edilən dəniz blokadasının mərhələli şəkildə ləğvinə başlayacaq, İran neftinin ixracı üçün güzəştlər təqdim edəcək, dondurulmuş və ya məhdudlaşdırılmış İran aktivlərinin istifadəsinə imkan yaradacaq, sanksiyaların yumşaldılması istiqamətində addımlar atacaq və regional tərəfdaşlarla birlikdə İran üçün ən azı 300 milyard ABŞ dolları dəyərində yenidənqurma və iqtisadi inkişaf proqramının həyata keçirilməsinə çalışacaq.

Məhz buna görə də İran daxilində razılaşmanı tənqid edən qüvvələrin reaksiyası hələlik məhdud qalır. Sənəd ölkə rəhbərliyinə bu razılaşmanı diplomatik uğur kimi təqdim etmək imkanı verir. Tehran bildirə bilər ki, ölkənin suverenliyi tanınıb, blokadanın aradan qaldırılması nəzərdə tutulub, sanksiyaların yumşaldılması gündəmdədir və iqtisadi bərpa üçün böyük həcmdə maliyyə dəstəyi vəd edilir.

Bununla belə, müşahidəçilərin fikrincə, hazırkı sakitlik uzun sürməyə bilər. Razılaşmanın detalları və onun real nəticələri daha aydın göründükcə, İran daxilində müzakirələrin və tənqidlərin artacağı gözlənilir.

Mənbə: BBC 

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et