Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hava Marşalı Riçard Nayton bildirib ki, müdafiə sahəsinə əlavə maliyyə ayrılmadığı təqdirdə ölkənin ordusu təlim və əməliyyat fəaliyyətlərini azaltmağa məcbur olacaq.

Riçard Nayton 2025-ci ilin sentyabrından Böyük Britaniya Silahlı Qüvvələrinə rəhbərlik edir, BBC
Onun sözlərinə görə, hökumətin hazırladığı Müdafiə İnvestisiya Planında (DIP) silahlı qüvvələrin gündəlik fəaliyyətlərinin maliyyələşdirilməsi üçün kifayət qədər vəsait nəzərdə tutulmayıb. Bu isə ordunun döyüş hazırlığı səviyyəsinə mənfi təsir göstərə bilər.
Ötən həftə müdafiə naziri vəzifəsindən istefa verən Con Hili də eyni narahatlığı dilə gətirib. O bildirib ki, hökumətin təklif etdiyi maliyyə paketi Silahlı Qüvvələrin hazırlıq səviyyəsini zəiflədə və əməliyyatlarda iştirak edən hərbçilər üçün riskləri artıra bilər.
Parlamentdə çıxış edən Hili istefasının şəxsi karyerası ilə deyil, ölkənin təhlükəsizlik maraqları ilə bağlı olduğunu vurğulayıb.
“Qərarım karyera ilə bağlı deyildi. Bu addımı ölkəmizin və müttəfiqlərimizin təhlükəsizliyi naminə atdım”, – deyə o bildirib.
Keçmiş nazir, həmçinin qeyd edib ki, Böyük Britaniyanın üzləşdiyi təhlükələr fonunda müdafiə xərclərinin artırılması həyati əhəmiyyət daşıyır.
Böyük Britaniya hökuməti NATO qarşısında götürdüyü öhdəliklər çərçivəsində müdafiə xərclərini 2035-ci ilə qədər ümumi daxili məhsulun (ÜDM) 3,5 faizi səviyyəsinə çatdırmağı planlaşdırır.
Lakin Con Hili hesab edir ki, bu hədəfə daha tez nail olmaq lazımdır. Onun fikrincə, ölkə 2030-cu ilədək müdafiə xərclərini ÜDM-in ən azı 3 faizi səviyyəsinə çatdırmalıdır.
Hili bildirib ki, mövcud planlarda nə 3 faizlik göstəriciyə çatmaq üçün konkret tarix müəyyən edilib, nə də bu məqsədə nail olmaq üçün aydın maliyyə strategiyası təqdim olunub.O qeyd edib ki, 2030-cu ilə qədər NATO üzvü olan ölkələrin yarıdan çoxu müdafiəyə ÜDM-in 3 faizindən artıq hissəsini ayıracaq və Böyük Britaniya bu məsələdə geridə qalmamalıdır.
Lordlar Palatasının Beynəlxalq Münasibətlər və Müdafiə Komitəsində çıxış edən Baş Qərargah rəisi Riçard Nayton da müdafiə büdcəsinin cari vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.
Onun sözlərinə görə, hərbi təlimlər, döyüş hazırlığı proqramları və gündəlik əməliyyat fəaliyyəti üçün ayrılan vəsaitlər ordunun hazırkı döyüş qabiliyyətinin qorunub saxlanılmasında mühüm rol oynayır.
“Əgər gündəlik fəaliyyətlərin maliyyələşdirilməsi üçün ayrılan vəsait artırılmasa, təlimlərin və əməliyyat fəaliyyətinin həcmini azaltmağa məcbur olacağıq. Bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib”, – deyə Nayton bildirib.
Hazırda yeni müdafiə naziri Den Carvis Müdafiə İnvestisiya Planına yenidən baxır. Bununla belə, hökumət tərəfindən müdafiə sahəsinə əlavə maliyyə ayrılacağına dair hələlik rəsmi açıqlama verilməyib.
Mütəxəssislərin fikrincə, müdafiə büdcəsi ətrafında yaranmış müzakirələr Böyük Britaniyanın yaxın illərdə hərbi hazırlıq və təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən birinə çevrilə bilər.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Məlikova
