Bu gün:

Çində tısbağalar casusluq üçün istifadə oluna bilər


Çin hakimiyyəti bəyan edib ki, xarici xüsusi xidmət orqanları ölkənin sahilyanı sularında məlumat toplamaq üçün üzərinə sensorlar quraşdırılmış heyvanlardan istifadə edə bilər. Belə “casus heyvanlar” arasında dəniz tısbağalarının da adı çəkilir.

Foto: grani.lv

The Guardian qəzetinin verdiyi məlumata görə, bu barədə məlumat Çinin "WeChat" platformasında yayılıb. Burada Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi xəbərdarlıq edib ki, Çin ətrafındakı dənizlərdə səssiz şəkildə “görünməz gizli müharibə” gedir. Nazirliyin fikrincə, heyvanlar sualtı xəritələrin hazırlanması üçün məlumat toplamağa kömək edir. Bildirilir ki, bu, “Çinin milli təhlükəsizliyi üçün ciddi təhdid” yaradır.

Tısbağalardan əlavə, iddiaya görə, “casus balıqlar” da istifadə olunur. Artıq Çin sularında üzərinə sensorlar bərkidilmiş belə balıqların tutulduğu bildirilir.

Məlumatda deyilir ki, bu heyvanlar “real vaxt rejimində suyun temperaturu, duzluluğu və okean axınları kimi məxfi dəniz mühiti məlumatlarını toplayaraq peyk vasitəsilə xaricə ötürüblər”. Lakin onların bu məlumatları kimin tapşırığı ilə topladığı dəqiqləşdirilməyib.

Nazirlik həmçinin bildirib ki, Çin yaxınlığında “meteoroloji sensorlar komplekti” ilə təchiz olunmuş şamandıralar quraşdırılıb. Onlar Çin sualtı qayıqlarının akustik siqnallarını real vaxt rejimində izləməyə imkan verir.

Bundan başqa, nazirlik dalğa hərəkəti və günəş enerjisi ilə işləyən yeni növ “dalğa planeri”ni də qeyd edib. Bildirilir ki, xarici tərəflər bu cihazdan “dəniz mühiti ilə bağlı hərbi əhəmiyyətli məlumatları və gəmilərin fəaliyyəti haqqında informasiyanı” ötürmək üçün istifadə edirlər.

Məlumata görə, hökumət casusluq avadanlıqlarının aşkar edilməsinə görə balıqçılara on minlərlə dollar məbləğində mükafat ödəyir.

Mənbə: grani.lv
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et