Ukrayna və Moldova Lüksemburqda keçirilən görüşlə üzvlük danışıqlarının ilk mərhələsinə start verib.

Lüksemburqda Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri, eləcə də Ukrayna və Moldova nümayəndələrinin iştirakı ilə keçirilən görüş hər iki ölkə üçün mühüm simvolik əhəmiyyət daşıyıb. Keçmiş Sovet İttifaqının tərkibində olmuş bu dövlətlər Aİ-yə tamhüquqlu üzvlük istiqamətində növbəti addımı atıb.
Danışıqların başlanması Rusiyanın Ukrayna şəhərlərinə hücumları gücləndirdiyi bir dövrə təsadüf edib. Moskva cəbhədə məhdud irəliləyiş əldə etsə də, bunun müqabilində ağır itkilər verib.
Ukrayna və Moldova Rusiyanın 2022-ci ildə başladığı genişmiqyaslı işğaldan bir neçə gün sonra Aİ-yə üzvlük üçün müraciət edib və həmin il namizəd ölkə statusu alıb. Lakin 2024-cü ilin iyununda üzvlük danışıqlarının açılması barədə qərar qəbul edilsə də, proses Macarıstanın Rusiyaya yaxın mövqeyi ilə tanınan Baş naziri Viktor Orbanın etirazları səbəbindən irəliləməyib.
Apreldə Macarıstanda yeni hökumətin formalaşması isə vəziyyəti dəyişib. Bundan sonra Aİ-yə üzv ölkələr ötən cümə günü yekdilliklə danışıqların ilk mərhələsinin açılmasına razılıq verib. Bu mərhələ hüququn aliliyi, demokratiya və əsas idarəetmə prinsiplərini əhatə edib. Həmin mərhələnin başlanması vahid bazar, ətraf mühit, iqtisadiyyat və sosial siyasət kimi digər sahələr üzrə danışıqların aparılmasına da yol açıb.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının Prezidenti Antoniu Koşta cümə günü yaydıqları birgə bəyanatda Ukrayna və Moldovanın çətin şəraitdə həyata keçirdiyi islahatları yüksək qiymətləndirib.
“Çoxsaylı çətinliklərə baxmayaraq, hər iki ölkə islahatların irəlilədilməsi istiqamətində qətiyyət, cəsarət və böyük səylər nümayiş etdirib”, — bəyanatda qeyd olunub.
Liderlər vurğulayıb ki, “Avropa İttifaqının genişlənməsi strateji seçimdir”.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
