Bu gün:

Dubay hava limanında içi heyvanlarla dolu çamadan aşkarlanıb


Dubay Beynəlxalq Hava Limanının gömrük əməkdaşları tərk edilmiş çamadanda 223 heyvan aşkar ediblər. Heç bir tanıtma nişanı olmayan baqaj standart yoxlama zamanı əməkdaşların diqqətini cəlb edib. Çamadan açıldıqda şəxsi əşyalar əvəzinə baqajın içində diqqətlə gizlədilmiş yüzlərlə canlı tapılıb.

Naməlum şəxs 129 kərtənkələ, 36 əqrəb, 8 ilan və 50 qurbağanı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib. Qurumun məlumatına görə, bu heyvanların bəzi növləri nəsli kəsilmək təhlükəsi altında olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarətinə dair CITES Konvensiyası ilə qoruna bilər.

Müsadirə edildikdən sonra heyvanlar lazımi qulluq və baytarlıq prosedurlarının həyata keçirilməsi üçün BƏƏ-nin İqlim Dəyişiklikləri və Ətraf Mühit Nazirliyinə təhvil verilib.

Qeyd etmək lazımdır ki, vəhşi heyvanların qanunsuz ticarəti biomüxtəlifliyə ciddi təhlükə yaradan və transmilli mütəşəkkil cinayətkarlığın ən gəlirli fəaliyyət sahələrindən biri hesab olunur.

“Bu gün sərhədlərin qorunması yalnız qadağan olunmuş yüklərin daşınmasının qarşısını almaqdan ibarət deyil,” – deyə Dubay Gömrüyünün Sərnişinlər Departamentinin direktoru Xalid Əhməd vurğulayıb. “Söhbət həm də biomüxtəlifliyin, təbii resursların və ekoloji davamlılığın vəhşi heyvanların qanunsuz dövriyyəsi kimi artan təhlükədən qorunmasından gedir. Bu hadisə əməkdaşlarımızın sayıqlığını, peşəkarlığını və hazırlığını, eləcə də Dubay Gömrüyünün BƏƏ-nin beynəlxalq təbiəti mühafizə öhdəliklərinə sadiqliyini nümayiş etdirir".

Mənbə: russianemirates
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et