Bu gün:

MDU-da Elektron Sənəd Dövriyyəsi Sisteminə tam keçid təmin edildi


Mingəçevir Dövlət Universitetində (MDU) rəqəmsal transformasiya prosesinin növbəti mühüm mərhələsi uğurla başa çatıb.

24media.az xəbər verir ki, dövlət qurumlarında elektron idarəetmə və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi ilə bağlı dövlət başçısının sərəncam və tapşırıqlarının icrası çərçivəsində universitetdə elektron sənəd dövriyyəsi sisteminə tam şəkildə keçid təmin olunub.

Sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması və yeni innovativ sistemin uğurlu fəaliyyəti məqsədilə aidiyyəti struktur bölmələrin əməkdaşları üçün hibrid (onlayn və canlı) formatda genişmiqyaslı təlimlər təşkil edilib. Sözügedən təlimlər bu sistemin tətbiqini icra edən "AİST Group" şirkəti və MDU-nun Rəqəmsal İnkişaf və İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Elçin Tağıyev tərəfindən müştərək şəkildə aparılıb. Təlim proqramı çərçivəsində iştirakçılar elektron sənəd dövriyyəsi sisteminin funksional imkanları, sənədlərin rəqəmsal qeydiyyatı, icrası, nəzarəti və sənəd marşrutlarının idarə olunması üzrə zəruri nəzəri və praktiki biliklərə yiyələniblər.

Prosesin növbəti mərhələsi kimi, qazanılmış rəqəmsal təcrübənin universitet daxilində tam mənimsənilməsini təmin etmək məqsədilə "AİST Group" və universitetin müvafiq mərkəzi tərəfindən digər əməkdaşlara yönəlik daxili məlumatlandırma görüşləri keçirilir. Bu görüşlərdə sənədlərlə iş prosesinin optimallaşdırılması və icra intizamının gücləndirilməsi əsas diqqət mərkəzində saxlanılır.

Bildirilib ki, elektron sənəd dövriyyəsi sisteminə keçid universitet daxili idarəetmənin səmərəliliyinin artırılmasına, kağız dövriyyəsinin minimuma endirilməsinə və müasir idarəetmə mexanizmlərinin tam formalaşdırılmasına mühüm töhfə verib.

Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et