Bu gün:

Rusiyada ev heyvanları üçün arabalara tələbat artıb


Əvvəllər bu aksesuar daha çox dəb elementi kimi qəbul olunurdusa, indi onu yaşlı, zədələnmiş və ya karantində olan ev heyvanlarının daşınması üçün istifadə edirlər.

Foto: Arina Antonova/TASS

Rusiyada it və pişiklər üçün arabalar getdikcə daha populyar olur. Shot-un məlumatına görə, bu qurğular müxtəlif formalarda olur: bəziləri uşaq arabasına bənzəyən platforma üzərində torlu kapsul şəklindədir, digərləri isə tamamilə körpə arabasına oxşayır. Təkərli və çamadan kimi teleskopik tutacağı olan daşıyıcı çantalar da mövcuddur. Qiymətlər 2 min rubldan başlayaraq 30 min rubl və daha yuxarı ola bilər.

Bu trend ilk dəfə Yaponiyada yaranıb və daha sonra bütün dünyaya yayılıb. Məsələn, Cənubi Koreyada iki il əvvəl ev heyvanları üçün arabaların satışı ölkədə satılan bütün arabaların 57%-ni təşkil edib.

Bəzi mağazalarda bu arabalar sahiblərin əllərini azad etmək və heyvanların digər müştərilərə mane olmamasını təmin etmək üçün istifadə olunur.

Kinoloq və baytar Vladimir Urajevski bildirib ki, bəzi hallarda belə arabalar həqiqətən faydalıdır. Onun sözlərinə görə, zədələnmiş, peyvənddən sonra karantində olan və ya uzun məsafə yeriməkdə çətinlik çəkən heyvanlar üçün bu, rahat həll ola bilər. Həmçinin sərgilərdən əvvəl tükləri xüsusi qulluq olunmuş itlərin çirklənməməsi üçün də arabalardan istifadə edilir.

Bununla belə, mütəxəssis vurğulayıb ki, sağlam və aktiv itləri yalnız dəb xatirinə arabada gəzdirmək düzgün deyil. İtlərin hərəkətə, fiziki aktivliyə və ünsiyyətə ehtiyacı var.

Bu trendi artıq yalnız it sahibləri deyil, pişik sahibləri də mənimsəyiblər. Xüsusilə pişiklərini qayışla gəzdirənlər bu aksesuardan daha fəal istifadə edirlər.

Mənbə: bfm
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et