Bu gün:

Anar Eminov: “Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi iradəsinin geoiqtisadi zəfərə çevrilməsinin parlaq nümunəsidir”


Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri və logistika şəbəkələri regional təhlükəsizliyin və geosiyasi balansın əsas elementlərinə çevrilib. 

24media.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Zəngəzur dəhlizinin XXI əsrin ən mühüm regional layihələrindən biri olduğunu, Azərbaycanın iqtisadi gücünü və strateji uzaqgörənliyini əks etdirdiyini vurğulayıb.

Rektor dövlət başçısının Şuşadakı çıxışına istinad edərək layihənin qlobal əhəmiyyətinə diqqət çəkib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışında vurğuladığı kimi: “Zəngəzur dəhlizi artıq region üçün yeni bir nəqliyyat xətti olmaqdan çox, böyük bir geoiqtisadi və geosiyasi layihəyə çevrilir". Bu xətt Avrasiyanın iqtisadi əlaqələr sistemində yeni dinamika yaradaraq Azərbaycan, Türkiyə və Mərkəzi Asiya arasında fiziki inteqrasiyanı təmin edir, Türk dünyasının nəqliyyat bağlantılarında yeni mərhələ açır.

O həmçinin  Orta Dəhlizin və Şimal-Cənub marşrutlarının kəsişməsində regional əməkdaşlığın vacibliyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı xüsusi vurğulamışdır ki: “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli əməkdaşlığı möhkəmləndirəcək. Bu dəhliz həmçinin Azərbaycan sərhədinin şərqində, qərbində, shimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza da fayda gətirəcək".

Anar Eminov qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni reallıqların əsas istiqaməti nəqliyyat xətlərinin açılmasıdır. Üçtərəfli bəyanatla hüquqi əsası qoyulan bu proses həm də innovativ və yaşıl iqtisadiyyat prinsiplərinə söykənir. Dəhliz boyunca ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqi və rəqəmsal idarəetmə mexanizmlərinin genişləndirilməsi xüsusi aktuallıq kəsb edir.

Sonda rektor bildirib ki, Zəngəzur dəhlizi sadəcə fiziki nəqliyyat xətti deyil, dövlətləri birləşdirən strateji körpü və regional sülh platformasıdır. Bu layihə XXI əsrdə Azərbaycanın dövlətçilik iradəsinin, geosiyasi uzaqgörənliyinin və regional liderliyinin ən mühüm simvollarından biri kimi tarixdə öz yerini tutacaqdır.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et