Bu gün:

Baytar ev heyvanları üçün ən təhlükəli şitilləri açıqlayıb


Şitillər ev heyvanları üçün ciddi təhlükə yarada bilər. Bu xüsusilə torpağı eşələməyi, yarpaqları çeynəməyi və bitki qablarını aşırmağı sevən pişiklərə aiddir. Bu barədə “Gazeta.Ru”ya təbii yem istehsalçısı olan "Superpet" şirkətinin baytar həkimi Yelena Frolenko məlumat verib.

Aleksandr Kryajev / RİA Novosti

Bir çox insanlar şitilləri tamamilə təhlükəsiz hesab etsələr də, risklər təkcə bitkilərin özləri ilə bağlı deyil.

“Heyvanlar üçün təhlükə torpaq, gübrələr, böyümə stimulyatorları, torpaqdakı kif və hətta kiçik dekorativ elementlərdən də yarana bilər. Bundan əlavə, bəzi məşhur bitkilər ev heyvanları üçün zəhərlidir”, – deyə baytar bildirib.

Pişik və itləri pomidor, soğan, sarımsaq və acı bibər şitillərindən uzaq saxlamaq lazımdır. Dekorativ soğanaqlı bitkilər, avokado, bəzi göyərti növləri və otaq gülləri də təhlükəlidir. Məsələn, pomidorun yarpaq və gövdələrində olan solanin maddəsi ev heyvanlarında mədə-bağırsaq pozğunluqları, halsızlıq və koordinasiya problemləri yarada bilər.

Digər bir görünməyən risk isə yüksək rütubət nəticəsində yaranan kif və göbələklərdir. Bunlar ev heyvanlarında allergiya, selikli qişaların və mədə-bağırsaq sisteminin qıcıqlanması, həmçinin tənəffüs problemlərinə səbəb ola bilər.

Şitilləri ev heyvanlarının çata bilməyəcəyi yerlərdə saxlayın və ev şəraitində zəhərli gübrələrdən istifadə etməyin. Tökülən torpağı dərhal yığın və heyvanların bitkiləri çeynəməsinə imkan verməyin.

“Məişət heyvanında şitillərlə təmasdan sonra qusma, halsızlıq, titrəmə, yeməkdən imtina və ya həddindən artıq tüpürcək ifrazı müşahidə olunarsa, mümkün qədər tez həkimə müraciət etmək vacibdir”, – deyə mütəxəssis vurğulayıb.

Mənbə: qazeta.press
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et