Bu gün:

Macarıstanda hakimiyyət daxilində gərginlik artır


Baş nazir və prezident arasında yaranan fikir ayrılığı siyasi gündəmin əsas mövzusuna çevrilib.24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Tisa” partiyasının parlament seçkilərində qələbəsindən sonra Macarıstandakı siyasi vəziyyət yeni Baş nazir Peter Macyar və Prezident Tamaş Şuyok arasında kəskin qarşıdurma ilə müşayiət olunur.

Məlumata görə, mübahisə əvvəlki hakimiyyət dövrünün başa çatmasından sonra dövlət institutlarının rolu ətrafında cəmləşib.

Konstitusiya çoxluğu əldə edən Peter Macyar Tamaş Şuyoku əvvəlki hökumətin siyasi təyinatı hesab edir və onun kifayət qədər neytral davranmadığını bildirir. Baş nazir prezidentin milli birliyin qarantı funksiyasını yerinə yetirmədiyini iddia edərək istefasını tələb edib.

Prezident isə bu tələbləri rədd edib. O, Konstitusiyaya uyğun seçildiyini və səlahiyyət müddətinin 2029-cu ildə başa çatacağını vurğulayıb. Şuyok həmçinin bildirib ki, onu vəzifədən uzaqlaşdırmağa yönələn addımlar Konstitusiya böhranına səbəb ola bilər.

Qeyd olunur ki, qarşıdurma daha çox institusional xarakter daşıyır və yeni hökumətin siyasi islahat planları ilə mövcud konstitusion mexanizmlər arasındakı ziddiyyəti əks etdirir. Bu mübahisənin nəticəsinin ölkənin siyasi gündəminə ciddi təsir göstərəcəyi bildirilir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et