Bu gün:

Universitetlərdə rəqəmsal transformasiya genişlənir


20 ali təhsil müəssisəsinin “Microsoft” alətləri ilə təmin olunması nəzərdə tutulur.24Media.az APA-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, birgə fəaliyyət universitetlərin müəllim, tələbə və inzibati heyətinin müasir rəqəmsal alətlərə çıxış imkanlarının genişləndirilməsinə, tədris və idarəetmə prosesində rəqəmsal həllərin tətbiqinə xidmət edir.

Bildirilib ki, mərkəzləşdirilmiş yanaşma çərçivəsində ümumilikdə 20 ali təhsil müəssisəsinin lisenziyalı “Microsoft” alətləri ilə təmin olunması nəzərdə tutulur. Hazırda bir sıra ali təhsil müəssisələrində bütün texniki və təşkilati işlər tamamlanıb, “Microsoft” həlləri istifadəyə verilib. Digər universitetlərdə isə qoşulma prosesi mərhələli şəkildə davam etdirilir.

Məlumata görə, “Microsoft” platformasında təqdim olunan süni intellekt əsaslı həllər, xüsusilə “Copilot” aləti müəllimlərə dərs planlarının hazırlanması, tədris materiallarının yaradılması, qiymətləndirmə və digər akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır.

Qeyd olunub ki, proqram ali təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tədris mühitinə inteqrasiyası və rəqəmsal bacarıqlara malik insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et