Tələbə təcrübəsi süni intellekt əsaslı platforma üzərindən idarə olunur.
24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) tələbə təcrübələrinin təşkili sahəsində yeni və innovativ idarəetmə modeli tətbiq olunub.
Mövcud qanunvericiliyin tələbləri əsasında hazırlanmış AzTU təcrübə qaydaları və bu qaydaların icrasını təmin edən süni intellektəsaslı təcrübə portalı artıq ikinci ildir uğurla istifadə edilir.
Yeni model tələbə, universitet və sənaye müəssisələri arasında əlaqəni vahid platformada birləşdirir. Tələbələr akademik göstəricilərinə əsasən portal üzərindən təcrübə yerlərini və rəhbərlərini seçirlər.
Portal vasitəsilə təcrübə prosesi gündəlik olaraq rəqəmsal şəkildə izlənilir. Tələbələr hər gün gördükləri işlər barədə hesabat daxil edir, müəssisə üzrə rəhbərlər isə onların fəaliyyəti ilə bağlı qeydlər aparır.
Təcrübə müddəti başa çatdıqda bütün məlumatlar əsasında yekun hesabat avtomatik hazırlanır və süni intellekt vasitəsilə qiymətləndirilir.
Modelin məqsədi təcrübə prosesini daha şəffaf, ölçülə bilən və nəticəyönümlü sistemə çevirməkdir.
Aylin Bayraməliyeva
