SOCAR rəsmisi infrastruktur məhdudiyyətlərinin ixracın genişlənməsində əsas maneə olduğunu bildirib.
24Media.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Qaz bazarları: İnfrastruktur, Strategiya və Geosiyasət” adlı sessiyasında SOCAR-ın vitse-prezidenti Vitali Bəylərbəyov deyib.
Onun sözlərinə görə, son geosiyasi hadisələr fonunda Azərbaycan qazına tələbat artıb və bir sıra ölkələr tədarük həcmlərinin artırılması üçün müraciət edib.
“Bu tələbi tam qarşılaya bilmirik. Səbəb resurs çatışmazlığı deyil. Resurslarımız var”, – deyə o bildirib.
SOCAR rəsmisi qeyd edib ki, əsas məhdudiyyət mövcud nəqliyyat infrastrukturunun imkanları ilə bağlıdır.
“Bizim çatışmayan infrastrukturumuzdur. Mövcud sistem genişləndirilə bilən şəkildə inşa olunub, lakin bu qədər sürətli tələbat artımını heç kim proqnozlaşdıra bilməzdi”, – deyə o vurğulayıb.
V. Bəylərbəyov əlavə edib ki, SOCAR yeni hasilat layihələri, infrastrukturun genişləndirilməsi və əlavə ixrac marşrutlarının inkişafını davam etdirir.
Aylin Bayraməliyeva
