Tammetrajlı sənədli film Azərbaycanın ən qədim insan məskənlərindən birinin tarixindən bəhs edir.
24Media.az Report-a istinadən xəbər verir ki, “Azərbaycanın mədəni irsinə səyahət” silsiləsindən növbəti layihə - Azərbaycan tarixinin qədim və sirli qatlarına işıq salan “Azıx mağarası” tammetrajlı sənədli filmi yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.
Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.
Bildirilib ki, filmdə Azərbaycanın cənub-qərbində yerləşən Azıx mağarasının qədim tarixdəki yeri, bütövlükdə insan növünün yaranması və planetə yayılması kontekstində araşdırılır.
Azıx mağarasının quruluşu, qədim insanlar üçün əhəmiyyəti, burada tədqiqatların başlanması və hazırkı vəziyyəti ətraflı şəkildə izah olunur. Bu məqsədlə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan, həm yerli, həm də xarici alimlərlə aparılmış müsahibələrdən istifadə edilib.
Filmdə MONREPOS Arxeoloji Tədqiqatlar Mərkəzinin eksperti Joao Manuel Marreiros, Algarve Universitetinin qədim tarix və arxeologiya mütəxəssisi Eduard Paixao, Britaniyanın Durham Universitetinin arxeoloqu, professor Pol Barri Pettitt, Kanadanın Viktoriya Universitetinin professoru April Nouell, Ankara Universitetinin arxeoloqu, professor Harun Taşkıran, AMEA-nın baş elmi işçisi, Azıx tədqiqat qrupunun rəhbəri Əjdər Babazadə və digər tanınmış mütəxəssislərin Azıx mağarası və onun insanlıq tarixində oynadığı rol barədə fikirləri yer alıb.
“Azıx mağarası” tammetrajlı sənədli filmi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Alpha Prodüksiyon və Ajans Hizmetleri” şirkəti tərəfindən istehsal olunub.
Aylin Bayraməliyeva
