24Media.az-ın növbəti müsahibi 21-23 iyul tarixlərində keçirilən Şuşa Qlobal Media Forumunun iştirakçısı, "Anadolu" Agentliyinin Xəbər Akademiyasının müdiri Cihangir İşbilirdir. O bizimlə tədbirlə bağlı düşüncələrini bölüşüb.

Cihangir İşbilir Şuşada keçirilən Qlobal Media Forumun çox uğurlu formada başa çatdığını vurğulayıb:
“Biz də forumda iştirak etdik və forumda gənc jurnalistlərə və həmkarlarımıza hərbi jurnalistika haqqında məlumatlar verdik”.

O əlavə edib ki, forumda Türkiyədən başqa peşəkar jurnalistlər də qatılmışdılar.
Daha sonra müsahibimiz tədbirin Azərbaycan və Türkiyə mediasına təsirindən danışıb:
“Bu forum və bənzər fəaliyyətlər Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığı daha da inkişaf etdirir. Türkiyə və Azərbaycan hər sahədə olduğu kimi, media sahəsində də əməkdaşlıq etməlidir”.
Jurnalist həmçinin bunu da vurğulayır: “Bu əməkdaşlığı daha çox inkişaf etdirməli və qüvvətləndirməliyik. Çünki beynəlxalq media istər Türkiyə, istərsə də Azərbaycan və Türk dünyası ilə bağlı xəbərlərində çox da ədalətli davranmır, həqiqəti tam əks etdirmir”.

O, yaşanılan problemlərdən və əməkdaşlığın əhəmiyyətindən danışıb: “Ən son Qarabağla bağlı bunu yaşadıq, Türkiyənin terrorla mübarizəsində də bunları görürük. Buna görə də Türkiyə-Azərbaycan mediası və jurnalistləri arasında çox güclü bir əməkdaşlıq olmalıdır. Xüsusilə də, gənc jurnalistlər bu hissiyyat, duyğu, dünya görüşü ilə yetişməlidirlər”.
Cihangir İşbilir əlavə edir: “Məncə, Qlobal Media Forumu bu əməkdaşlığı çox gücləndirdi, Türkiyə və Azərbaycan qardaşlığı ilə əlaqədar dünyaya böyük bir mesaj verdi. Azərbaycanın mədəniyyət şəhəri, zəfərinin rəmzi Şuşada keçirilən bu forumla həm zəfər necə qazanıldı və müharibə sonrası buranın yenidən inşası ilə bağlı yaşanılan çətinliklər nələrdir və s. bununla bağlı çox güclü bir mesaj verildi, həm də Türkiyə ilə Azərbaycan arasındakı ittifaqın nə qədər güclü olduğunu da göstərən çox yerində, zamanında və qədərində bir forum oldu”.

Müsahibimiz qeyd edib ki, o bu və buna bənzər fəaliyyətlərin çoxalacağını düşünür:
“Mən bu və buna bənzər proqramların artacağını düşünürəm. Aramızdakı əməkdaşlığın, xüsusilə, yeni nəsillərin, jurnalistlərin, diplomatların, bürokratların yetişməsi üçün çox vacib olduğunu düşünürəm. Həmçinin forumu təşkil edən rəhbərliyə, dəvət edən cənab İlham Əliyevə və digər bütün əməyi keçənlərə "Anadolu" Agentliyi adından təşəkkür edirəm”.
Cihangir İşbilir vurğulayır ki, forum həm Azərbaycanın Qarabağla, Şuşa ilə əlaqədar tezislərini öyrənmək, həm də media ilə bağlı yeni trendlərdən danışılması onun gözləntiləri sırasında idi:
“Həqiqətən də, panellərdə bu trendlərdən danışıldı. Çox yaxşı müzakirələr oldu, bunlardan biri də mediadakı dəyişikliklər idi”.
“Forumun əvvəlində çox ətraflı formada, uzun deyilə biləcək müddətdə cənab Prezident İlham Əliyev bizimlə birlikdə oldu. Çox gözəl açıqlamalar etdi, bütün suallara heç birini ötürmədən səbrlə və dəqiqliklə cavab verdi. Xüsusilə, cənab Prezidentin iştirak etdiyi hissə beynəlxalq jurnalistlərin Azərbaycanla, Qarabağla əlaqədar bütün suallarının cavabını aldığı hissə idi. Bu baxımdan forum gözləntilərimizi qarşıladı”,- deyə jurnalist bildirdi.
Müsahibimiz əlavə edir ki, gələcək illərdə forum daha da inkişaf edəcək:
“Bununla birlikdə, təbii ki, gələcək illərdə bu forum daha da inkişaf edəcəkdir. Forum daha ciddi bir şəklə gələcək, daha faydalı olacaq, ümidlərim bu yöndədir”.
Müsahibimiz əlavə edir ki, digər jurnalistlərlə əlaqədə olmaq onun gözləntilərindən olub və bu da forum sayəsində gerçəkləşib:
“Hətta 50 ölkədən 250 jurnalistlə, bir çox xəbər agentliyi ilə, televiziya sahəsində olanlarla görüşməyi ümid edirdim və forum sayəsində də hər biri ilə görüşdük”.
24Media.az xatırladır ki, Forum müddətində qonaqlar üçün bir çox mədəniyyət insanlarının iştirak etdiyi bədii gecə təşkil olunub. Müsahibimiz bununla da bağlı fikirlərini bizimlə bölüşüb:
“Forumda çox gözəl bir bədii proqram da oldu. Azərbaycan mədəniyyətini tanımaq üçün təşkil olunan bədii gecə də çox zəngin idi. Buna, həqiqətən, heyran qaldıq. Təbii ki, Şuşanı gəzdik, şəhər turu oldu, o da çox faydalı idi. Forumda təşkilat, bir sözlə, hər şey mükəmməl idi”.
Günel Məmmədova
