“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə fəaliyyət göstərən könüllülərinin təşəbbüsü ilə həyata keçirilən “MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil olunub. Görüşün qonağı tanınmış televiziya aparıcısı Jalə Həsənli olub.

Tədbiri giriş nitqi ilə Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev açaraq proqramın tələbələrin peşəkar inkişafında rolundan danışıb. Ardınca fakültənin dekanı Vüqar Əliyev çıxış edərək qonağın televiziya sahəsində qazandığı təcrübənin gənc jurnalistlər üçün önəmli olduğunu qeyd edib.

Daha sonra Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova çıxışında Jalə Həsənlinin media sahəsindəki fəaliyyətinin tələbələr üçün faydalı nümunə olduğunu vurğulayıb və iştirakçıları görüşdən səmərəli yararlanmağa çağırıb.
Rəsmi hissədən sonra tədbir sual-cavab və interaktiv müzakirə formatında davam edib. Aparıcı tələbələrlə televiziya sahəsində qazandığı təcrübələri bölüşərək media fəaliyyətinin incə məqamları, peşəkar inkişaf yolları və uğur qazanmaq üçün vacib amillər barədə fikirlərini səsləndirib.
Görüşün sonunda qonaq tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, xüsusilə nəzəri biliklərlə yanaşı praktiki bacarıqların inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Səidə Abasova
