Alimlərin apardığı araşdırma göstərib ki, dəniz tısbağaları plastik tullantıları qida ilə səhv salır. Buna səbəb isə plastiklərin okeanda uzun müddət qalaraq bakteriya və yosunlarla örtülməsi və nəticədə onlara xas qoxu əldə etməsidir. Tədqiqat Current Biology jurnalında dərc olunub.

Shutterstock.com
Eksperimentdə Sakit okean akvatoriyasında yaşayan başlı dəniz tısbağaları (lat. Caretta caretta) iştirak edib. Alimlər 15 gənc fərdi tutaraq onların qidaya, dad qatqılarına və uzun müddət okeanda qalmış plastik parçalarına, eləcə də suya yeni düşmüş plastiklərə reaksiyasını müşahidə ediblər.
Tısbağalar qida ilə köhnə plastik tullantılara eyni cür reaksiya veriblər. Məlum olub ki, yosun və bakteriyalarla örtülmüş plastiklər öz “iştahaaçan” qoxusu ilə onları cəlb edir.
Hələlik hansı molekulların və maddələrin bu reaksiyaya səbəb olduğu məlum deyil. Alimlər tədqiqatları davam etdirməyi və okeandan götürülmüş plastiklərin kimyəvi tərkibini analiz etməyi planlaşdırırlar.
“Biz tez-tez qida borusu plastiklə dolu olan ölü tısbağalar və digər dəniz canlıları tapırıq. Bu tədqiqat ilk dəfə göstərir ki, okeandakı plastik heyvanları qoxusu ilə cəlb edə bilər”, — deyə ABŞ-də yerləşən Şimali Karolina Universitetinin (Çapel-Hill) professoru Kennet Loman bildirib.
Mənbə: gismeteo.ru
Tərcümə etdi: Aysel Mehtizadə
