Bu gün:

Lənkəranda WUF13 Festivalı başlayıb


Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə Lənkəran şəhərində festivalın açılışı baş tutub.24media.az “Report”a istinadən xəbər verir ki, tədbir çərçivəsində ilk olaraq Lənkəran Dövlət Universitetində məlumatlandırma sessiyası keçirilib.

Sessiyada universitetin və onun nəzdində fəaliyyət göstərən kollecin müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də WUF13 Azərbaycan əməliyyat şirkətinin təmsilçiləri çıxış edərək forumun əhəmiyyəti və əsas mövzuları barədə məlumat veriblər.

Çıxışlarda Azərbaycanın şəhərsalma siyasəti, urbanizasiya prosesləri, müasir yanaşmalar, eləcə də dayanıqlı və inklüziv şəhər inkişafı məsələləri diqqətə çatdırılıb. Bildirilib ki, Lənkəran şəhərində son illər həm tarixi irsin qorunması, həm də müasir infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülür.

Tədbirdə gənclər mayın 17–22-də Bakıda keçiriləcək WUF13 forumunda iştirak etməyə dəvət olunublar.

Qeyd edək ki, festival iki hissədən ibarətdir. İkinci mərhələdə açıq havada interaktiv fəaliyyətlər, maarifləndirici proqramlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunacaq. Bu çərçivədə dayanıqlı şəhər inkişafı, innovativ həllər və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya təqdim ediləcək.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et