Bu gün:

Diplomatik korpus nümayəndələri Laçına səfər edib


Diplomatik korpus nümayəndələri Laçın rayonuna səfər ediblər.24media.az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyəti Həkəri çayı sahilində rayonun təbiəti ilə tanış olub və xatirə şəkli çəkdirib.

Səfər çərçivəsində diplomatların Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa və iqtisadi inkişaf layihələri ilə tanışlığı davam edir. Səfərin ikinci günündə iştirakçılar Laçın rayonuna yollanıblar.

Proqram çərçivəsində Laçın şəhərində yerləşən “Zerti Aqro Sənaye Parkı”nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvandarlıq müəssisələri, eləcə də istixana və fidanlıq kompleksləri ilə tanışlıq nəzərdə tutulur.

Bundan əlavə, diplomatların “Laçın” İstirahət Kompleksinə səfəri də planlaşdırılır.

Qeyd edək ki, bu səfər diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə təşkil olunan 21-ci səfəridir və bölgədə həyata keçirilən layihələrin miqyasını əyani şəkildə təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et