Bu gün:

Yeni doğulan körpələr üçün ilk malyariya dərmanı təsdiqlənib


Ümumdünya Səhiyyə Təşkilatı “Koartem Bebi” preparatını ilkin təsdiqdən keçirib. Bununla da indiyədək təhlükəsiz müalicə imkanı məhdud olan yeni doğulmuş körpələr üçün malyariyaya qarşı effektiv vasitə istifadəyə verilib. 

Afrikalı ana qucağında körpəsi ilə 

Təşkilatın qərarı “Koartem Bebi”nin qlobal miqyasda geniş tətbiqinə yol açıb və bu addım xüsusilə xəstəliyin geniş yayıldığı bölgələr üçün mühüm irəliləyiş kimi qiymətləndirilir.


Məlumata görə, Afrikanın bəzi ərazilərində altı aydan kiçik uşaqların 18 faizə qədəri malyariyaya yoluxub. 2024-cü ildə xəstəlikdən 610 min nəfər həyatını itirib, onların təxminən üçdə biri isə Saxaraaltı Afrikada yaşayan beş yaşadək uşaqlar olub.


Qurumun açıqlamasında bildirilib ki, indiyədək körpələr daha böyük uşaqlar üçün nəzərdə tutulmuş dərmanlarla müalicə edilirdi. Bu isə dozalanma səhvləri, yan təsirlərin artması və toksiklik riskinin yüksəlməsi kimi problemlərə səbəb olurdu.


Yeni preparatın məhz bu boşluğu aradan qaldıracağı gözlənilir. “Koartem Bebi” çəkisi 2 kiloqramdan başlayan körpələr üçün nəzərdə tutulub və şirin albalı dadlı həblər formasında təqdim edilib. Həblər ana südü də daxil olmaqla, müxtəlif mayelərdə həll edilərək istifadəyə uyğunlaşdırıla bilir. 


Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, “əsrlər boyu malyariya uşaqları ailələrindən, icmaları isə sağlamlıqdan və ümiddən məhrum edib, lakin bu gün vəziyyət dəyişir”.


İlkin təsdiq preparatın keyfiyyət, təhlükəsizlik və effektivlik baxımından beynəlxalq standartlara cavab verdiyini təsdiqləyir. Bu isə, xüsusilə, Saxaraaltı Afrika ölkələrində dövlət səviyyəsində satınalmaların həyata keçirilməsinə imkan verəcək.


Qeyd edək ki, “Koartem Bebi” artemeter və lumefantrin adlı iki antimalyariya maddəsinin birləşməsi əsasında hazırlanıb. Preparat beynəlxalq əczaçılıq şirkəti Novartis və Malyariya üzrə Dərmanlar Təşəbbüsü tərəfindən inkişaf etdirilib.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et