Almaniya Hörmüz boğazında mümkün minatəmizləmə əməliyyatlarında iştirak etməyi nəzərdən keçirir.
24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, beynəlxalq missiya yaradılacağı təqdirdə Almaniya buna qoşulmağa və Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə hazırdır.
O qeyd edib ki, belə bir hərbi iştirak yalnız parlamentdən mandat alındıqdan sonra mümkün olacaq.
Boris Pistorius əlavə edib ki, vaxt itkisini azaltmaq məqsədilə Aralıq dənizinə bəzi qüvvələrin əvvəlcədən göndərilməsi barədə qərar verilib. Onun sözlərinə görə, bu addım mandat təsdiqlənəcəyi halda operativ hazırlığın təmin olunmasına xidmət edir.
Qeyd edək ki, bir sıra ölkələr artıq ABŞ və İran arasında mümkün razılaşmadan sonra Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin olunması və minatəmizləmə prosesində iştirak etmək niyyətlərini açıqlayıblar.
Aylin Bayraməliyeva
