24 aprel 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş “Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpretasiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində baş tutan konfransda universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbir Ümummilli lider Heydər Əliyevin, yazıçı Mir Cəlal Paşayevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransı giriş nitqi ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında görkəmli yazıçı, alim və pedaqoqun Azərbaycan ədəbiyyatı və elmi fikrinin inkişafında müstəsna rol oynadığını vurğulayıb. O qeyd edib ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı milli-mənəvi dəyərlərin qorunması, ədəbi-estetik düşüncənin formalaşması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor bildirib ki, bu kimi elmi-praktik konfransların təşkili universitetdə humanitar elmlərə marağın artırılması, klassik ədəbi irsin müasir elmi yanaşmalar əsasında yenidən təhlili və tələbələrin tədqiqat bacarıqlarının inkişafı baxımından xüsusi önəm daşıyır. O, həmçinin vurğulayıb ki, universitetdə milli ədəbi irsin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər elmi-ictimai mühitin zənginləşdirilməsinə və akademik ənənələrin gücləndirilməsinə xidmət edir.

Konfrans çərçivəsində universitet əməkdaşları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Baş müəllim Ayna Babazadə “Mir Cəlal Paşayev yaradıcılığında həyat həqiqətləri və bədii təsvir ustalığı”, dosent Günel Yunusova “Azərbaycan ədəbiyyatı və elminin inkişafında Mir Cəlal missiyası”, baş müəllim Pərvin Hüseynova “Yazıçının əsərlərində milli kimlik və mənəvi dəyərlər”, baş müəllim Səadət Ağakişiyeva “Mir Cəlal əsərlərində müəllimə münasibət”, müəllim Gülay Bağırova isə “Mir Cəlal Paşayev və milli ədəbi tənqid məktəbi” mövzusunda çıxış ediblər.
Müzakirələr zamanı iştirakçılar Mir Cəlal Paşayev irsinin müasir dövrdə aktuallığını xüsusi vurğulayaraq, bu irsin gənc nəsil arasında daha geniş təbliğinin vacibliyini qeyd ediblər. Bildirilib ki, yazıçının əsərlərində əks olunan ideyalar bu gün də milli kimliyin qorunması, mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyətini qoruyub saxlayır.

Konfrans interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib, iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.

Sonda qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində bu kimi elmi tədbirlərin təşkili klassik ədəbi irsin öyrənilməsi, elmi tədqiqat mühitinin inkişafı və tələbələrin akademik potensialının gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin tərkib hissəsidir.

Fidan Ağayeva
