Bu gün:

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib


Su ehtiyatlarının idarə olunması ilə bağlı növbəti iclas keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binası


24media.az “Report”a istinadən xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası baş tutub.

İclasda gündəlik məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi geniş müzakirə olunub.

Qeyd olunub ki, Komissiya Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə yaradılıb və su ehtiyatlarından səmərəli istifadə məqsədilə fəaliyyət göstərir. Bu çərçivədə su anbarlarının iş rejiminə nəzarət edilir, su ehtiyatlarının içməli su təchizatı, suvarma və energetika sahələrində planlı şəkildə istifadəsi təmin olunur.

Məlumata görə, əsas diqqət Kür çayı üzərində yerləşən Şəmkir, Yenikənd, Mingəçevir və Varvara, eləcə də Araz çayı üzərindəki Araz, Xudafərin və Qız qalası su anbarlarına, həmçinin Taxtakörpü və Ceyranbatan su anbarları sisteminə yönəldilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının əvvəlki illərlə müqayisədə daha çox olacağı gözlənilir.

İclasda bildirilib ki, son günlər intensiv yağıntılar nəticəsində Kür çayı və onun qollarında – Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuq artıb. Mövcud vəziyyətin lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artdığı qeyd olunub.

Vurğulanıb ki, aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, artıq su həcmlərinin təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün zəruri tədbirlər görülür.

Sonda Komissiyanın sədri Şahin Mustafayev tərəfindən su ehtiyatlarından səmərəli istifadə və təhlükəsizliyin təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et