Bu gün:

Cinayətlərin kateqoriyaları və cəzalar açıqlanıb


Azərbaycanda cinayətlər ictimai təhlükəlilik dərəcəsinə görə dörd kateqoriyaya bölünür.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır olmaqla təsnif edilir. Hakim qeyd edib ki, qəsdən adam öldürmə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və bu əmələ görə ciddi cəzalar nəzərdə tutulur.

Bildirilib ki, qəsdən adam öldürmə hallarına görə yalnız azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Sadə hallarda bu cəza 9 ildən 14 ilədək nəzərdə tutulur. Əgər cinayət tamah və ya xuliqanlıq niyyəti ilə törədilərsə, cəza 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ola bilər.

Nahid Mirzəyev əlavə edib ki, yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə qanunvericilik daha humanist yanaşma tətbiq edir. Belə ki, 14-18 yaş aralığında olan şəxslər qəsdən adam öldürmə törətdikdə, onlara maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hakim vurğulayıb ki, ömürlük azadlıqdan məhrumetmə cəzası yetkinlik yaşına çatmayanlara, qadınlara və hökm çıxarılanadək 65 yaşı tamam olmuş şəxslərə şamil edilmir.

Məlumata görə, bu kateqoriya üzrə məhkumlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Residiv hallarında isə cəza xüsusi rejimli müəssisələrdə icra olunur. Ömürlük azadlıqdan məhrum edilən şəxslər isə cəzalarını həbsxanalarda çəkirlər.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et