Bu gün:

Hörmüz böhranı qlobal neft bazarına təsir göstərir


Dünya enerji bazarında gərginlik davam edir.24media.az “Report”a istinadən xəbər verir ki, “SOCAR Trading” şirkətinin kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə Bakıda keçirilən “II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu”nda bildirib ki, qlobal neft bazarı hazırda Hörmüz boğazındakı böhranın təsiri altındadır.

Onun sözlərinə görə, dünya son altı ildə mürəkkəb bir mərhələdən keçir: Səudiyyə Ərəbistanında baş verən hadisələr, COVID-19 pandemiyası və Rusiya–Ukrayna münaqişəsi qlobal iqtisadiyyata ciddi təsir göstərib. Hazırda isə əsas risk nöqtəsi Hörmüz boğazında yaranmış gərginlikdir.

Tağızadə qeyd edib ki, Körfəz regionundan gündəlik 13–15 milyon barel həcmində neft tədarükündə çatışmazlıq müşahidə olunur. Bununla belə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri alternativ nəqliyyat marşrutlarından istifadə etməklə vəziyyəti qismən sabitləşdirə biliblər.

O əlavə edib ki, “yaşıl enerji”yə keçid istiqamətində addımlar atılsa da, dünya hələ də ənənəvi enerji mənbələrindən ciddi şəkildə asılıdır. Bu isə mövcud böhranın qlobal bazarlarda dalğalanmalara səbəb olmasını şərtləndirir.

“SOCAR Trading” rəsmisi vurğulayıb ki, gərginliyin qısa müddətdə aradan qalxması treyderlər və iri neft şirkətləri üçün daha sabit fəaliyyət mühiti yaradacaq.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et