Bu gün:

Qarabağ Universitetində Albaniya tarixinə dair seminar keçirilib


Tələbələr üçün təşkil olunan seminarda mövzu üzrə aktual məsələlər müzakirə olunub.24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi, dosent Ellada Bəkirova Qarabağ Universitetinin Sosial və humanitar elmlər fakültəsində tarix ixtisası üzrə təhsil alan tələbələr üçün “Albaniya tarixi: aktual problemlər və yeni yanaşmalar” mövzusunda seminar keçib.

Seminarda Qarabağ bölgəsinin alban mədəni irsinin əsas məkanlarından biri olduğu vurğulanıb, bu istiqamətdə aparılan tədqiqatların əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Albaniya tarixinin düzgün təbliği üçün mövcud elmi problemlər gənc tədqiqatçıların diqqətində olmalı və müasir yanaşmalarla yenidən araşdırılmalıdır.

Ellada Bəkirova çıxışında Albaniya tarixinin tədqiqində mövcud çətinliklərə, xüsusilə mənbə məhdudluğuna toxunub, yeni metodoloji yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. O, mənbələrə yalnız informasiya daşıyıcısı kimi deyil, həm də diskurs kimi yanaşmağın önəmini vurğulayıb.

Sonda qeyd olunub ki, tarix, arxeologiya, antropologiya və digər əlaqəli sahələrin birgə tətbiqi ilə multidissiplinar tədqiqatlar aparmaq Albaniya tarixinin daha dolğun şəkildə öyrənilməsinə imkan yaradır. Seminarın tələbələrdə tənqidi və çoxşaxəli yanaşmanın formalaşmasına töhfə verdiyi bildirilib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et