Azərbaycanın beynəlxalq əməkdaşlıq çərçivəsində irəli sürdüyü yeni təşəbbüslər diqqət mərkəzindədir.
Ceyhun Bayramov və D-8 Baş katibi Soheyl Mahmud
24media.az “Report”a istinadən xəbər verir ki, İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Soheyl Mahmud Azərbaycanın energetika və iqlim, nəqliyyat əməkdaşlığı, eləcə də media sahəsində üç qabaqcıl təcrübə mərkəzinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.
Baş katib bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib və ölkənin D-8 çərçivəsində fəal rolunu yüksək dəyərləndirib.
“Hörmətli Prezident İlham Əliyevin baxışı və sadiqliyi ilə idarə olunan Azərbaycanın D-8 prosesində fəal roluna görə minnətdarlığımı bildirdim. 2025-ci ildə ölkə bir sıra yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməklə təşkilatın fəaliyyətinə əlavə təkan verib”, – deyə o vurğulayıb.
Mahmud əlavə edib ki, Azərbaycanın irəli sürdüyü üç təcrübə mərkəzinin yaradılması təşəbbüsü təşkilatın institusional imkanlarını gücləndirməklə yanaşı, üzv dövlətlər arasında sektoral əməkdaşlığın inkişafına da töhfə verəcək.
Onun sözlərinə görə, Ceyhun Bayramov görüş zamanı Azərbaycanın D-8-ə sadiqliyini bir daha təsdiqləyib və bu təşkilatı ölkənin xarici siyasətində prioritet istiqamətlərdən biri kimi qiymətləndirib.
Aylin Bayraməliyeva
