Süni intellekt vasitəsilə hazırlanaraq yayılan saxta materiallarla bağlı məsuliyyət sərtləşdirilib.
24media.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual məcəllələrə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda qəbul edilib.
Sənədə əsasən, şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə etməklə süni intellekt və xüsusi proqramlar vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması 3 min manatdan 7 min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, yaxud 3 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı yönəldildikdə, şəxsin şərəf və ləyaqətini alçaltmaq məqsədi daşıdıqda və ya onun xidməti fəaliyyəti ilə əlaqədar həyata keçirildikdə, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Bundan əlavə, şəxsin razılığı olmadan süni intellekt vasitəsilə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qanuna əsasən, süni intellekt texnologiyaları ilə hazırlanmış materiallar kütləvi şəkildə yayımlandıqda, onların bu üsulla hazırlandığını açıq və aydın şəkildə göstərən xüsusi nişanlama ilə təqdim olunması tələb edilir.
Aylin Bayraməliyeva
