Bu gün:

Paşinyan: İranla əməkdaşlıq Ermənistan üçün strateji əhəmiyyət daşıyır


İrəvan Tehranın iştirakı ilə logistika imkanlarını genişləndirməyə çalışır.Ermənistanın Baş naziri Nikol Paşinyan 

24media.az “Report”a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı İran ətrafında, xüsusilə Hörmüz boğazı ilə bağlı vəziyyət fonunda alternativ marşrutların axtarılması məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, Ermənistanın İranla əməkdaşlığa dair baxışı strateji xarakter daşıyır və bu ölkənin ərazisindən logistika zəncirlərinin genişləndirilməsi planlaşdırılır.

Baş nazir qeyd edib ki, bu kontekstdə TRIPP (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, layihə çərçivəsində İranla dəmir yolu əlaqəsinin yaradılması Ermənistanın idxal və ixrac imkanlarını xeyli asanlaşdıra bilər.

Paşinyan əlavə edib ki, daha əvvəl Mərkəzi Asiya üzərindən Çin–Qazaxıstan–Rusiya–Azərbaycan–Gürcüstan–Ermənistan marşrutu ilə dəmir yolu əlaqəsi mövcud olub və alternativ kimi istifadə edilə bilər.

“İş adamları İran ərazisindən malların çatdırılması ilə bağlı çətinlik gördükləri hallarda bu istiqamətə yönələcəklər”, – deyə o vurğulayıb.

Baş nazir yaxın gələcəkdə vəziyyətin nizamlanacağına və TRIPP layihəsinin reallaşacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, nəticədə İran–Ermənistan və Fars körfəzi–Qara dəniz istiqamətində dəmir yolu əlaqələrinin formalaşdırılması mümkün olacaq.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et