Vaşinqtonda təşkil olunan Beynəlxalq Valyuta Fondu (İMF) və Dünya Bankı bahar görüşlərində İranla bağlı müharibənin dünya iqtisadiyyatına təsiri əsas mövzulardan biri olub. G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri vəziyyətin qlobal iqtisadiyyata risk yaratdığını bildiriblər.

ABŞ Xəzinədarlıq katibi Skot Bessent
24media.az "BBC"yə istinadən xəbər verir ki, əsas narahatlıq enerji təhlükəsizliyi ilə bağlıdır. Hörmüz boğazındakı nəqliyyatın dayanması neft və qaz tədarükündə ciddi çətinliklər yaradıb. Asiya ölkələri enerji çatışmazlığı riski ilə üzləşib, bəzi aşağı gəlirli dövlətlərdə isə qida və yanacaq qiymətlərinin sürətlə artacağı gözlənilir.
İMF rəhbərliyi mövcud vəziyyəti “yavaş inkişaf edən böhran” kimi xarakterizə edərək yaxın aylarda daha ağır nəticələrin ortaya çıxa biləcəyini bəyan edib. Dünya Bankından qiymət artımından zərər görən ölkələr üçün 100 milyard dollara qədər dəstək fondu hazırlandığı açıqlanıb. Ekspertlər ən böyük riskin yay aylarında ərzaq çatışmazlığı olacağını vurğulayıblar.
ABŞ rəsmiləri isə müharibənin uzunmüddətli təhlükəsizlik üçün vacib olduğunu, qısamüddətli iqtisadi itkilərin isə qəbul edilə bilən olduğunu bildiriblər. Lakin digər ölkələrin nümayəndələri vəziyyətin gərginləşməsinin qlobal ticarət, enerji qiymətləri və inflyasiya üçün ciddi təhlükə yaratdığını qeyd ediblər.
Qyed edək ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, Hörmüz boğazındakı gərginlik davam edərsə, dünya iqtisadiyyatı yeni enerji və ərzaq böhranı ilə üz-üzə qala bilər. Bunun ən ağır təsirləri isə inkişaf etməkdə olan ölkələrdə hiss olunacaq.
Zəhra Əliyeva
