ABŞ Prezidenti Donald Tramp İranın uranın saflaşdırılmasını dayandırmağa razılaşdığını bildirib.

24media.az Report-a istinadən xəbər verir ki, İranın uranın saflaşdırılmasını dayandırmağa razı olub-olmaması ilə bağlı birbaşa suala Donald Tramp "Bəli" cavabını verib.
Jurnalist yenidən soruşduqda, prezident təkrar edib: "Bəli. Təəccübləndin? Məni artıq heç nə ilə təəccübləndirmək olmaz".
Daha sonra Tramp təyyarədə jurnalistlərə açıqlamasında İranla münasibətlərin çox yaxşı davam etdiyini də bildirib. O, danışıqların davam etdiyini deyib.. Məsələlərin çoxu danışıqlar yolu ilə həll edilib və razılaşdırılıb. Bu optimist yanaşma ilə paralel Ağ Ev lideri İrana hücumlardan da danışıb. Onun sözlərinə görə əgər Hörmüz blokadası qalmağa davam etsə, eləcə də çərşənbə gününədək İranla razılaşma əldə olunmasa, döyüşlər davam edəcək. "Təəssüf ki, yenidən bomba atmağa başlamalı olacağıq”,- deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.
Aprelin 15-də Donald Tramp İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan edib. Bu addım Çinlə münasibətlərin qorunub saxlanması üçün atılıb.
Bununla eyni vaxtda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirdi ki, ölkənin Hərbi Dəniz Qüvvələri İran limanlarının və Hörmüz boğazının blokadasını davam etdirir.
