Azərbaycanda atlar və digər təkdırnaqlı heyvanlar arasında xəstəliklərin yayılma vəziyyətini qiymətləndirmək məqsədilə monitorinqlər aparılacaq.
Baytar həkimlərin atın sağlamlıq vəziyyətini yoxlaması
24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, monitorinqlər 20-30 aprel tarixlərini əhatə edəcək və ölkə ərazisini, o cümlədən Naxçıvan Muxtar Respublikasını əhatə edəcək.
Monitorinqlər çərçivəsində heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək.
Eyni zamanda, təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirmə tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Qeyd edilib ki, prosesdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli heyvan sağlamlığı və baytarlıq xidmətlərinin mütəxəssisləri iştirak edəcəklər.
Aylin Bayraməliyeva
