Regionda əməkdaşlığın geniş formatda qurulması daha effektiv nəticələr verə bilər.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev
24media.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyada səsləndirib.
“Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda çıxış edən H.Hacıyev bildirib ki, Azərbaycan region ölkələrinin öz nizamını formalaşdırmasının tərəfdarıdır. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi dövründə uzun illər ərzində rəsmi Bakıya müxtəlif tərəflər tərəfindən həll variantları diktə olunurdu.
Hacıyev qeyd edib ki, region ölkələri öz məsuliyyətini üzərinə götürdükdə daha doğru qərarlar qəbul edə bilir: “Digərləri bizim üçün gündəm müəyyən etməməlidir. Bölgədə ortaq məsuliyyətlər mövcuddur və inteqrasiya qaçılmazdır”.
O əlavə edib ki, ikitərəfli münasibətlər mühüm əhəmiyyət daşısa da, üç və çoxtərəfli əməkdaşlıq formatları daha faydalıdır. Bu çərçivədə Türkiyə-Azərbaycan, Azərbaycan-İran, eləcə də Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-İran əməkdaşlıq platformaları xüsusi qeyd olunub.
Prezidentin köməkçisi həmçinin vurğulayıb ki, Azərbaycan Xəzər dənizindəki enerji imkanlarını region ölkələrinin ümumi faydasına yönəltmək niyyətindədir. Onun sözlərinə görə, bu yanaşma həm region daxilində, həm də regionlararası rifahın artmasına xidmət edir.
Aylin Bayraməliyeva
