Bu gün:

Baytar ev heyvanlarında depressiyanın səbəbi ilə bağlı xəbərdarlıq edib


Pişiklər və itlər sahiblərinin emosional vəziyyətinə çox həssasdır, onların stress və narahatlığına reaksiya verə bilirlər. Bunu “Gazeta.Ru”ya ROSTBİOTEX Universitetinin baytarlıq təbabəti kafedrasının baş müəllimi, baytarlıq elmləri namizədi Yuliya Nemtsova bu haqda bildirib.

Sophiecat/Shutterstock/FOTODOM

“Heyvanlar bizim vəziyyətimizi səs tonu, mimika, duruş və davranışdakı dəyişikliklərə görə anlayırlar. Tədqiqatlar göstərir ki, itlər emosional vəziyyəti oxuyur, qorxu, qəzəb və narahatlığı ayırd edə bilirlər. İnsanın qoxuları və hormonal dəyişiklikləri (məsələn, stress hormonu olan kortizolun artması) ev heyvanlarına təsir göstərə bilər”, — deyə o izah edib.

Lakin insanın psixoloji vəziyyəti mütləq şəkildə ev heyvanlarında depressiya yaratmır.

“Heyvanlarda depressiyanın səbəbləri çoxdur: yeni evə köçmək, ailəyə yeni üzvün gəlməsi və ya əksinə, digər bir heyvanın və ya sahibin itirilməsi. Heyvan xəstədirsə, bu onu zəiflədə, apatiya və depressiv vəziyyətlərə gətirib çıxara bilər. Həmçinin psixoloji vəziyyətə yaşla bağlı dəyişikliklər, nevroloji pozuntular və ya endokrin xəstəliklər də təsir edə bilər”, — deyə baytar bildirib.

Şübhəsiz ki, sahibin emosional sağlamlığı ev heyvanının rifahına təsir edir, lakin bu, heyvanlarda depressiyanın yaranmasının yeganə səbəbi deyil.

“Eyni zamanda sübut olunub ki, heyvanlar əksinə, insanın depressiya və narahatlıq halları ilə mübarizə aparmasına kömək edir. Ev heyvanları stress və narahatlıq səviyyəsini azalda, əhval-ruhiyyəni yüksəldə bilir. Bu da onunla bağlıdır ki, heyvanlar diqqət tələb edir, sahibini hərəkət etməyə, qalxmağa və qayğı göstərməyə məcbur edir ki, bu da insanı narahat düşüncələrdən uzaqlaşdırır”, — deyə o, fikirini yekunlaşdırıb.

Mənbə: gazeta.press
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et