Bu gün:

Azərbaycan Asiya İnkişaf Bankı ilə aviasiya layihələrini müzakirə edib


Nəqliyyat sektorunda həyata keçirilən və planlaşdırılan iri layihələr Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əsas müzakirə mövzusu olub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşü


24media.az Report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında bildirib.

Məlumata görə, müzakirələr nazirin ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı aparılıb.

Nazir qeyd edib ki, görüşdə Azərbaycan ilə ADB arasında uzunmüddətli və strateji əməkdaşlığın inkişafı, həmçinin nəqliyyat sahəsində həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, dəmir yolu, metro və aviasiya sahələrində icra olunan və planlaşdırılan layihələr, əlavə maliyyələşdirmə imkanları, qərarların sürətləndirilməsi mexanizmləri, eləcə də rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətləri müzakirə edilib.

Qeyd edək ki, indiyədək ADB Azərbaycanda 145 layihə üzrə təxminən 5,5 milyard ABŞ dolları məbləğində maliyyələşmə həyata keçirib. Ən böyük maliyyələşdirmə nəqliyyat və energetika sektorlarını əhatə edir.

Bildirilib ki, yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycanın inkişafına 2,5 milyard ABŞ dollarına qədər investisiya yatırmağa hazırdır.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et