Qvadelupada “Jandarma Zorakılığına Qarşı Birlik” təşkilatı Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində şəxsin öldürülməsini sərt tənqid edib.
Bakı Təşəbbüs Qrupunun loqosu
24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Məlumata görə, aprelin 12-də baş verən insident zamanı şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, daha sonra isə fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib. Silahdan istifadə edən jandarma əməkdaşı saxlanılaraq istintaqa cəlb olunub.
Bəyanatda qeyd olunub ki, Liber Argelier adlı şəxs hərbi polis tərəfindən əsassız şəkildə açılan atəş nəticəsində həyatını itirib və bu hadisə “dövlət zorakılığının növbəti nümunəsi” kimi qiymətləndirilib.
Təşkilat hadisəni əvvəlki oxşar ölüm halları ilə əlaqələndirərək bunun sistematik xarakter daşıdığını iddia edib, hüquq-mühafizə orqanlarının vəzifələrindən sui-istifadə etdiyini bildirib.
Həmçinin hadisənin tam şəkildə araşdırılması, atəşin hansı səbəbdən açıldığının və bunun qanuni olub-olmamasının müəyyənləşdirilməsi tələb olunub.
Bəyanatda sonda ədalətin təmin olunması, təqsirkarların məsuliyyətə cəlb edilməsi və bu kimi halların qarşısının alınması üçün ictimai fəallığa çağırış edilib.
Aylin Bayraməliyeva
